Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının “Xalq şairi” Nəbi Xəzrinin anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və xalq şairi Nəbi Xəzrinin Azərbaycan ədəbiyyatının inkişafında təqdirəlayiq xidmətlərini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, xalq şairi Nəbi Xəzrinin 90 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyun 2014-cü il.