10515052_1454147261518412_988404994_n

AYBƏNİZ

Nigaranam elə səndən,
Danış görüm, həncərisən?
Baxıb durma mənə gendən,
Danış görüm, həncərisən?

İLKİN

Mən baxmıram sənə gendən,
Bir saf eşq gözlərəm səndən,
Gəl nigaran qalma məndən
Yaxşıyam, sən həncərisən?

AYBƏNİZ

Əllərini üzmə məndən,
Belə kənar gəzmə məndən,
Sən Allah gəl bezmə məndən,
Danış görüm, həncərisən?

İLKİN

Əllərini üzən kimdir?
Səndən kənar gəzən kimdir?
Bu sevdadan bezən kimdir?
Yaxşıyam, sən həncərisən?

AYBƏNİZ

Mənsiz keçən ildən danış,
Mənsiz bitən güldən danış,
O obadan eldən danış,
Danış görüm, həncərisən?

İLKİN

Nə danışım sənə ildən?
Sənsiz əldə solan güldən?
Danışaram oba eldən,
Yaxşıyam, sən həncərisən?

AYBƏNİZ

Yollarıma tozmu qonub?
Gözün üstə gözmü qonub?
Dodağına sözmü qonub?
Danış görüm, həncərisən?

İLKİN

Yoluma toz qonan deyil,
Gözümə göz qonan deyil,
Dilimə söz qonan deyil,
Yaxşıyam, sən həncərisən?

AYBƏNİZ

Qəribsədim, gəldim axı,
Bu hicranı sildim axı,
Bir dillən, din, öldüm axı,
Danış görüm, həncərisən?

İLKİN

Gözləyirəm, gəl, gəl daha,
Bu hicranı sil, gəl daha,
Mən sənsizəm bil, gəl daha,
Yaxşıyam, sən həncərisən?