cahangulsun

Cahan Gülsün 3 mart 1993-cü il tarixində Masallı şəhərində anadan olub. 2010-cu ildə Bakı şəhəri S.Hacıyev adına 5 nömrəli orta məktəbi bitirib.2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.Hal-hazırda Bakı Dövlət Universiteti, Filologiya fakültəsi Dünya ədəbiyyatı kafedrasının magistrantıdır.
Ədəbi-bədii yaradıcılığıa erkən hələ uşaq yaşlarından başlayıb.Şeirləri “Yeni nəfəs”, “Bakı Universiteti” qəzetlərində, “ Ulduz” jurnalı, “Amal” incəsənət və ədəbiyyat dərgisində, həmçinin kult.az, avromedia.az və digət saytlarda çap olunmuşdur.

Fakültənin ədəbi, ictimai həyatı və “BDU Dram Klub”un ən fəal iştirakçılarındanam. İctimai fəaliyyətimə görə 2013-cü ildə “İlin ən yaxşı tələbəsi” mükafatına layiq görülmüşəm.

Gəl apar özünü…

Qəribə yuxuydu mənim gördüyüm,
Tərsinə,düzünə yozumu eyni.
Bunun həsrəti bir,ayrılığı bir,
Bunun gözləməyi,dözümü eyni.

Nə qədər gözləyim nə qədər səni?!
Bəlkə heç gəlmədin bir ömür boyu
Nə qədər gizləyim nə qədər səni,
Nə qədər qoruyum bu soyuqluğu?!

Nə qədər boylanıb pəncərələrdən,
Nə qədər gözümü yollara dikim,
Öz yüküm özümə ağırlıq edir
Bəs sənin dərdini nə qədər çəkim?

Nə qədər ağlayım,nə qədər axı?
Allah da yorulur yağışlarından.
Mən də yorulmuşam, Allahın haqqı.
Gəl apar özünü baxışlarımdan.

Gəl apar özünü lap uzaqlara,
Yığışdır özünü bu küçələrdən.
Gəl apar özünü bu döngələrdən,
Gəl apar özünü bu gecələrdən.

Hər gün gözlədiyim dayanacaqdan,
Hər gün rastlaşdığım o yoldan apar.
Yığışdır özünü küncdən,bucaqdan,
Beynimdə dolaşan xəyaldan apar.

Bu şəkildən apar boş qalsın yerin,
Güzgüdən boylanan əksini apar.
Bir vaxt ağac üstdə yazılıb qalan,
Adının birinci hərfini apar.

Daha ağlamağa gücüm qalmayıb,
Allah da yorulur yağışlarından.
Mən də yorulmuşam, Allahın haqqı.
Gəl apar özünü baxışlarımdan…

Gecikmişəm…

Zamana ölçü deyil?
Bir gün,bir gecə ,bir il.
Bilirəm,gecikmişəm,
Bilmirəm ki,neçə il?!

Amma çox gecikmişəm…
Təbəssüm dolu üzündən,
Alnındakı qırışlara qədər.
Unutmadığın sevgindən,
Xatırlamadığın xatirələrə qədər.

İtirmədiyin ümidindən,
Gözləmədiyin mənə qədər.
Öldürdüyüm səndən,
Öldüyüm mənə qədər …

* * *

Sonrakı peşmanlıq…
Axı mən nə elədim,
Nə etdim öz başıma?!
Özüm öz əllərimlə,
Zəhər qatdım aşıma.

Səni yoxluğun boyda,
Uzaqlara yolladım.
Özüm ölüm hökmümə,
İmza çəkdim,qolladım.

İndi də ki cəzamı,
Çəkirəm yavaş-yavas.
Bu ömrü dürmələyib,
Bükürəm yavaş-yavas.

Nə ağır dərd,ağır yük!
Sənsiz sevinmək,gülmək,
Ölüm boyda ayrılıq,
Sənsiz qocalmaq,ölmək!

Nə ağır dərd,əzizim,
Mən belə bilməmişdim.
Bu boyda yaşamışdım,
Bu boyda ölməmişdim…

Ölü Dəniz

Qulaq ver səsimə,duy harayımı,
İndi təsəlliyə ehtiyacım var.
Viranə qoyublar qəlb sarayımı,
Səntək gözəlliyə ehtiyacım var.

Gəlmişəm hal-əhval edim səninlə,
Dalğalar ruhumu alsın aparsın.
Gəlmişəm baş alıb gedim səninlə,
Bu zalım dünyadan canım qurtarsın.

Bəs sənə nə olub niyə durğunsan?!
Gözümə birtəhər dəyirsən bu gün.
Bir az kədərlisən, bir az yorğunsan,
Bir az da qəddini əyirsən bu gün.

Vaxt ötür, hər şeydən bezirsən,dəniz,
Nifrət eləyirsən dünya varına.
Sən də mi ölümü gəzirsən dəniz,
Yazığın gəlmirmi dalğalarına?!

Sanki yadlaşmısan,uzaqlaşmısan,
Elə bil dünyadan qovublar səni.
Sən ki qatilinlə qucaqlaşmısan,
Çirkab sularında boğublar səni.

Gəmilər dönübdür başdaşlarına,
Qəbrini qoynunda qazdırıbdılar.
Məhəl qoymayıblar göz yaşlarına,
Səni diri-diri basdırıbdılar.

Sənə nə deyim ki,güldürüm,dəniz,
Söylə sonuncu kəz nə vaxt gülmüsən?!
Gəlmişdim özümü öldürüm,dəniz,
Gördüm ki, sən məndən əvvəl ölmüsən!

* * *

Kaş ki,yarpaq olaydım…
Kaş ki, yarpaq olaydım
Bu həyatda çox qısa-
Bir bahar yaşayaydım.

Görməyəydim nə qışı,
Nə qarı, nə yağışı,
Yazda açıb gözümü
Payızda qapayaydım.

Bu həyatda çox qısa –
Bir bahar yaşayaydım.
Çəkməyəydim dərdini
dərdi böyük dünyanın.

Görməyəydim zülmünü,
Sevməyəydim dünyanı.
Bir ömür yad baxışlar,
Ya da tənəli sözlər
altında qalmaqdansa,

Xəzəl olub bir payız
ayaq altda qalaydım.
Bu həyatda çox qısa-
Bir bahar yaşayaydım.

* * *

İndi sənsiz oturub
Qəm çəkirəm özümçün.
Qəmə həm gülümsəyib
Həm çəkirəm özümçün.

Heç bilmirəm nə yolla
Səni yola gətirim,
Bu həsrəti bu evdən
Birdəfəlik itirim.

Sənə nə söz söyləyim,
Nə deyim ki, dönəsən.
Bu qaranlıq gecəni
boyayasan günə sən.

Nə gəlir ki, əlimdən
Gələn gözümden gəlir,
Bu dərd özümlə gedir,
Bu dərd özümlə gəlir.

Kimə pay düşər axı
yalnızlıqdan bu boyda,
Mənn bədbəxt nə haydayam,
Sən bəxtəvər nə hayda…