em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru

AĞLAYACAQ

Ağlayanı çoxdu elin,
Çaşmasın heç zaman dilin,
Gözündə qalmasın əlin,
Saz sınıb, sim ağlayacaq.

Özgələr bu dərdi bilməz,
Kimsə göz yaşını silməz,
Nə qədər ki, elim gülməz,
Yanıb, içim ağlayacaq.

Həsrətik doğma yaylağa,
Əl yetişmir Qarabağa,
Arandan qalxmasa dağa,
Elim, köçüm ağlayacaq.

Öz hökmü var hər bir anın,
Dərdin bil Əziz Musanın,
Bizdən sonra bu dünyanın,
Halına kim ağlayacaq.

ŞAİR TEZ ALDANANDI

Şair sevgisi dəniz,
Şair ruhu gəmidi.
Şair tez aldanandı.
Şair uşaq kimidi.

Şair söz keşikçisi,
Sözdən çələng hörəndi.
Qələminə söykənib,
Uzaqları görəndi.

Şair nahaq söz deməz,
Şair haqqa inanar.
Düz deyər, düz danışar,
Ömrü boyu qınanar.

Sevincini bölüşər,
Dərdini kimsə bilməz.
Şair Haqq elçisidi,
Haram süfrəyə gəlməz.

Bir ağlayan görəndə,
Gözləri yaşla dolar,
Şair gül dəlisidi,
Sevəndə Məcnun olar.

CANIM AY VƏTƏN

Bulanıb suların, canım ay Vətən,
Başının üstünü buludlar alıb,
Sənə diş qıcayır hər yoldan ötən,
Cənnət bağlarında yadlar yurd salıb.

Nə günə qalmısan, canım ay Vətən,
Qayğılar qoymur kİ, gözün açılsın,
Daha sənin olmur gözündən itən,
Namərdlər qoymur ki, başın ucalsın.

Ürəyin dağlıdı, canım ay Vətən,
Ağrılar, acılar yandırır səni,
Kəsib yollarını, kəsib duman, çən,
Ayrılıq dağlayır hər gün sinəni.

Qurtarmır dərd-sərin, canım ay Vətən,
Əsirdi torpağın, əsirdi daşın,
Günəş nur saçsa da hüsnünə hərdən,
Qovuşa bilməyir doğma yurddaşın.

Səsin eşidilmir, canım ay Vətən,
Yolların, izlərin yağışdı, qardı,
Nə yerdən kömək var, nədə ki, göydən,
Dünyanın gözü kor, qulağı kardI.