Polad Sabirli

Namərd mərdin həsrətində,
Mərd ilişib çox çətində.
Özü iblis xislətində,
Amma gəzir mələk kimi.

Haqq atında əldə yüyən,
Mərdəm deyib özün öyən.
Uzun illər can-can deyən,
Birdən itdi külək kimi.

Səhv oxuyur düzə meydan,
Nahaqq haqqa vermir aman.
Haram pulla saxlayır can,
Yağ içində böyrək kimi.

Çoxdur düzü əyən kəslər,
Ağa qara deyən kəslər.
Haram tikə yeyən kəslər,
Ömr eləyir kələk kimi.

Polad, ömrü vermə bada,
Əl uzadıb yetiş dada.
Ləkə vurma təmiz ada,
Hiss et məni ürək kimi.

10.12.2014