Photo Kenan

Yenə sağ-salamat gəlib çatmışam,
Şükür kərəminə Ulu Tanrının!
Kədəri, qüssəni yerə atmışam,
Şükür kərəminə Ulu Tanrının!

İki sevən qəlbi yar eyləyibdi,
Qışda dağ başını qar eyləyibdi.
Yox ikən məni də var eyləyibdi,
Şükür kərəminə Ulu Tanrının!

Bu ömrün bir günü olmayıb hədər,
Dünyaya gəlməyim yeni xoş xəbər.
Dağılıb gözümdən: ayrılıq, kədər,
Şükür kərəminə Ulu Tanrının!

Fərhad tək yenə də külüng çalmadım,
Boranda, şaxtada, qarda qalmadım.
Çətin bir gündə də qarda qalmadım,
Şükür kərəminə Ulu Tanrının!

Bəzən də kədərdən əlim qabardı,
Haqq səsi könlümü haqqa apardı.
Gözümdən kədəri,qəmi qopardı,
Şükür kərəminə Ulu Tanrının!

Köməyə yenə də haqqı ünlədim,
Kaman tək sızlayıb, ney tək inlədim,
Haqqın kəlamını yenə dinlədim,
Şükür kərəminə Ulu Tanrının!

Allah kəlməsindən əsdi dağdaşı,
Süzüldü yanaqdan gözümün yaşı.
Tarix də mənimlə durdu yanaşı,
Şükür kərəminə Ulu Tanrının!