1. LAYİHƏNİN ADI

“Oxuyan gənclik – sərbəst kitabxana”

LAYİHƏNİN QISA TƏSVİRİ

Gəncə şəhərinin müxtəlif, xüsusilə gənclərin çox olduğu parklarında və istirahət yerlərində, həmçinin ali təhsil müəssisələrinin yaxınlıqlarında quraşdırılacaq mini-kitabxanalar vasitəsilə kitab onu oxumaq istəyən hər insan üçün əlçatan ediləcək və gənclərin kitablarını dəyişdirərək oxuya bilmələri üçün maddi-texniki baza formalaşdırılacaq.

LAYİHƏNİN MƏQSƏDİ VƏ VƏZiFƏLƏRi

Layihənin məqsədi gənclərdə kitab oxumağa marağı artırmaq, oxuduqları və ya oxumaq istəmədikləri kitabları başqaları ilə paylaşa bilmələri üçün imkan yaratmaq, kitab almağa maddi imkanı olmayan və ya kitabxanalara getməyən insanların kitab oxumaq üçün fürsət əldə etmələri, dahi N. Gəncəvinin şəhərinin layiq olduğu intellektual görünüşünə tövhə verməkdir. Layihə çərçivəsində təşkil ediləcək facebook səhifəsi və gənclər üçün nəzərdə tutulmuş internet saytında (saytlarında) yaradılacaq xüsusi bölmə vasitəsilə maraqlanan insanlar sərbəst kitabxanaların yeri, içərisinə qoyulmuş kitablar və kitabxanadan istifadə qaydaları barəsində mütəmadi olaraq məlumat ala biləcəklər. İnformasiya texnologiyalarının imkanlarından istifadə etməklə gənclər axtardıqları, onlara lazım olan kitabları tapmaq üçün bir fürsət daha əldə edəcəklər. Layihənin vəzifələrindən biri də şəhərin müxtəlif yerlərinə yerləşdiriləcək sərbəst kitabxanaların açılış mərasimini təşkil edərək media nümayəndələrini dəvət edərək kitaba və kitabxanalara insanların diqqətini yönəltməkdir. Dünyanın bir çox ölkəsində hətta kiçik qəsəbələrdə belə quraşdırılmış sərbəst kitabxanalar insanların intellektual səviyyələrinin yüksəlməsinə, gənclərin diqqətinin kitaba yönəldilməsinə, istirahət yerlərində, parklarda və s. oxumaq istəyənlərin daima kitab tapa bilmələrinə xidmət edir. Bu kitabxanalar vasitəsilə insanlar açıq hava – oxu zalları vəzifəsini yerinə yetirəcək istirahət yerlərindən faydalana, həmçinin “kitab qoy – kitab götür” prinsipi ilə kitabxanadakı kitabları evdə oxumaq şansı əldə edə biləcəklər. Gəncənin “Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar kitabxanaya xarici dillərdə müxtəlif kitabların qoyulması da nəzərdə tutulur.

LAYİHƏDƏN FAYDALANANLAR

Gəncə şəhərində yaşayan və ya şəhərə qonaq gələn kitab oxumaq istəyən hər insan; oxuduğu kitabları başqaları ilə paylaşmaq istəyən insanlar; internetdə daha çox
zaman keçirən, bütün işlərini kompüter və ya mobil telefon vasitəsilə həll etməyə vərdiş etmiş gənc nəsil; yeni kitabı barəsində əhalini maarifləndirmək istəyən, insanların o kitabı daha rahat əldə etmələrini arzu edən yazarlar və s.

LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ GÖRÜLƏCƏK İŞLƏR

Layihəyə könüllülərin cəlb edilməsi – kitab oxumağa və bu vərdişin gənclər arasında yaymağa maraqlı olan gənclər layihəyə könüllü olaraq cəlb ediləcək.
Kitab rəflərinin hazırlanması –xüsusi sifarişlə Nizami məqbərəsi formasında kitab rəfləri hazırlanacaq.
Kitabların seçilməsi – sərbəst kitabxanalarda ilkin olaraq yerləşdiriləcək kitabların siyahısı layihə heyəti ilə müzakirə ediləcək.
Kitabların əldə edilməsi və elektron bazanın yaradılması – təsdiq edilmiş siyahıya uyğun kitablar əldə ediləcək, daha sonra internetdə onların elektron bazası yerləşdiriləcək.
Sərbəst kitabxananın yaradılması – Gəncə şəhər İcra Hakimiyyəti ilə razılaşma əsasında şəhərin müxtəlif yerlərində kitab rəfləri quraşdırılaraq sərbəst kitabxana yaradılacaq və bu kitabxananın təntənəli açılış mərasimi Gəncə şəhər İcra Hakimiyyəti və media nümayəndələrinin iştirakı ilə təşkil ediləcək.
Əhaliyə kitabxana haqqında məlumat verilməsi – müxtəlif media vasitələri, o cümlədən internet saytlarının köməyi ilə layihə barəsində və kitabxananın iş prinsipi haqqında əhaliyə məlumat veriləcək, internet saytının xüsusi bölməsində kitabxanadakı kitablar haqqında informasiya yerləşdiriləcək. Facebook səhifəsi və saytda nəzərdə tutulmuş xüsusi bölmə vasitəsilə gənclər axtardıqları kitabları bir-birindən istəyə biləcəklər.
“Gəncə kitab klubu” ilə əlaqələrin qurulması – Gəncə şəhərinə fəaliyyət göstərən kitab klubu ilə əlaqələr qurulması, kitab klubunun üzvlərinin layihə barəsində xəbərdar edilməsi, klub fəallarının layihəyə könüllü olaraq cəlbi və klubda təşkil edilən həftəlik kitab müzakirələrinin daha effektli olmasında sərbəst kitabxanalardan istifadə imkanları nəzərdən keçiriləcək.
Layihə rəhbəri: Rəhimli Nurəddin Məhəmməd oğlu – Aqat aqro MMC-də baş baytar köməkçisi.
Layihənin İcraçıları: Rəhimov Fərrux Məhəmməd oğlu – ADAU-nun assistenti, Ülviyyə Mahmudova və Gəncə kitab klubunun üzvləri və könüllüləri.