Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürovun iştirakı ilə Zəngilan və Qubadlı rayon nümayəndəliklərində mədəniyyət işçilərinin zona müşavirəsi keçirilib.
Müşavirədə hər iki rayonun klub, muzey və kitabxana işçiləri, o cümlədən, musiqi məktəblərinin müəllim kollektivi iştirak edib.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov müşavirədə çıxış edərək “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli 1932 nömrəli Sərəncamının icrasının təmin edilməsi, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin fəaliyyətinin təşkili istiqamətində qarşıda duran vəzifələr, həmkarlar təşkilatı, maliyyə, kadr islahatı, daxili subardinasiya məsələləri barədə geniş məlumat verib.
Müəssisələrdə aparılacaq islahatlara toxunan idarə rəisi davamiyyəti zəif olan, nizam-intizam qaydalarına əməl etməyən işçilər haqqında ciddi ölçü götürüləcəyini bildiriərək qeyd edib ki, hər kəs işinə məsuliyyətlə yanaşmalı, göstərilən etimadı doğrultmalıdır. İncəsənət sahəsi elə bir sahədir ki, istedadlı insanlar məhz bu sahədə yetişir və ölkəmizin təbliğatçısına çevrilir. Bu mənada biz kəmiyyətə deyil, keyfiyyətə üstünlük verməli, xüsusi istedadı olan uşaqları kənarda qoymamalıyıq.
O, bildirib ki, regional idarələrin yaranması struktur dəyişikliyi ilə bərabər həm də qarşılıqlı əməkdaşlığa şərait yaradır. Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinə daxil olan altı rayonun şair və rəssamları, eləcə də musiqiçiləri bir-biri ilə səmimi, mehriban əməkdaşlıq qurmalı, birgə tədbirlər keçirməlidirlər. Bundan əlavə, mətbuatla əlaqə daha da genişlənməli, keçirilən tədbirlər mətbuat səhifələrində dərhal işıqlandırılmalıdır.
Mehman Şükürov hər kəsə fəaliyyətində uğurlar diləyib, tövsiyə və tapşırıqlarını verib.
Sonda müşavirə iştirakçıları idarə rəisinə səmimi münasibəti, xoş ünsiyyətinə görə təşəkkür edərək təbriklərini çatdırıblar.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti