Qadın adı zəriflik və gözəllik rəmzi kimi həmişə uca tutulub. Azərbaycan qadını bütün dövrlərdə öz zəkası və əzmi ilə milli-mənəvi dəyərlərin yaşadılmasında müstəsna xidmətlər göstərib.
Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimli Gundelik.info-ya bildirib ki, bu fikirləri Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov 8 mart Beynəlxalq qadınlar günü münasibəti ilə keçirilən yığıncaqda səsləndirib.
Universitetein qadın üzvlərinin iştirak etdiyi yığıncaqda çıxışı zamanı ali təhsil ocağının rektoru İbrahim Cəfərov onu da bildirib ki, tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz qadınların adı ilə bağlıdır. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş edib. Elə bizim ADAU ailəsində də bu cür qadınlar az deyil.
Sonra Azərbaycan qadınının həyatını əks etdirən video çarxa baxılıb. Universitetin rektorunun əmri ilə daha fəal qadınlara fəxri fərman, və gül hədiyyə edilib. Bütün xadimlərin əmək haqqını isə bir aylıq 40 manat artırılıb. Ümumilikdə universitetdə çalışan qadınların hər birinə gül bağışlanıb. Kimsə toplantıdan hədiyyəsiz çıxmayıb.
Sonda ADAU-nun özfəaliyyət dərnəyinin üzvləri geniş konsert proqramı ilə bir daha xanımların bayramını təbrik edib.