10730926_708473925888118_1815156677351752954_n

Dünya yarandığı gündən etibarən bəşər övladları dünyanın yaradılmasının mahiyyətini, insanın yaradılış səbəbini aradışdırmağa çalışmış və bunun üçün müxtəlif ictimai-siyasi təriqətlər formalaşdırmışlar. Hər bir təriqətin özünəməxsus ideyaları, nizam-intizamı olmuş, müxtəlif fikir və mülahizələr irəli sürmüşlər, ətraflarına tərəfdarlar toplamağa müəssər olmuşlar. Belə ki, bu təriqətlər hansı ideysnı təlqin etməsindən asılı olmayaq, əskərən müqəddəs kitabımız “Qurani-Kərim”ə istinad etməyi də unutmamışlar. XIII-XIV əsrin Azərbaycan ədəbiyyatı tarixində daha çox “TƏSƏVVÜF ƏDƏBİYYATI” dövrü kimi səciyyələndiyini nəzərə alsaq, böyük məmnunluq hissi ilə deyə bilərik ki, bu yönümdən əsası Fəzlullah Nəimi Təbrizi tərəfindən qoyulan və Anadilli fəlsəfə qəzəlin ilk nümayəndəsi Seyid Əli İmadəddin Nəsimi tərəfindən uğurla davam etdirilən “SUFİLİK” ictimai-siyasi fəlsəfi cərəyanı xüsusilə diqqəti cəlb edir. “SUFİLİK” fəlsəfə cərəyan olaraq, XIII-XIV əsr Azərbaycan təsəvvüf ədəbiyyatının yaranıb, inkişaf etməsində xüsusi rol oyanıb. Ətrafına minlərlə tərəfdar toplamaqla, böyük bir coğrafi arealı əhavə edib. Fəlsəfi cərəyanın əsas mahiyyəti isə Rəhman və Rəhim olan Uca Allahın müqəddəs və təməl kitabımız “Qurani-Kərim”in surələrinə istinad etməklə, bəndələri kamillik zirvəsinə çatmaqda yardımçı olmaq, nəfsinin qulu deyil, ağası və sahibi olmağı təbliğ etmək, bu yönümdən hikmətamiz fikirlər ilə dünyagörüşünə və dünyaya baxışını dəyişdirməkdən ibarətdir. Bu yönümdən, İmadəddin Nəsiminin “Nəfsini boğan kəs kamil insandır” fikri fəlsəfi cərəyanın əsas mahiyyətini özündə əks etdirir.
Ümumiyyətlə, təsəvvüf ədəbiyyatı yalnız Azərbaycan ədəbiyyatına deyil, eyni zamanda, Türk xalqları ədəbiyyatına da təsirsiz ötüşməyib. Bu baxımdan, Ön Asiyada türkdilli təsəvvüf ədəbiyyatının ilk böyük nümayəndəsi, Təmiz Türk dilinin bayraqdarı, “Vəhdəti-vücud” fəlsəfəsinin qaranlıqlarına dalan, Yunus Əmrənin dini-ürfani şeirləri xüsusilə nəzərə çarpır.
Qələmə sarıldığı ilk gündən etibarən ömrünün sonuna qədər YARADAN ALLAHI və “Qurani-Kərim”i böyük sevgi ilə anıb, daima yada salan Yunus Əmrə üçün ən böyük səadətin Uca Allaha qovuşmaq olduğunu nəzərə alsaq, deyə bilərik ki, “Vəhdəti-vücud” fəlsəfəsi Dərviş Yunus Əmrənin şeirlərinin canına, ruhuna hopub və hər addımbaşı özünə büruzə verir.
Aşıq Yunus, Miskin Yunus imzaları ilə dünyanı heyrətə gətirən əsərləri ilə zərrənin, hissəsinin-insanın tamın, bütövə-ALLAH qovuşmaq ümidi ilə yaşaması və sonucda ALLAHa qovuşması ən böyük xoşbəxtlikdir, əslində, bu qərib və fani dünyada Haqqın sevən hər kəs üçün.
Türk-müsəlman mədəniyyətinin nümayəndəsi, dünya ədəbiyyatı tarixində daha çox “Məsnəvi” əsərinin müəllifi kimi tanınan, bəzi mənbələrdə isə “Həzrət” ləqəbi ilə qeyd olunan Mövlana Cəlaləddin Ruminin yaradıcılığında bəndənin Allaha qovuşması, nəfsə qalib gələrək kamil insan olması kimi mühüm xüsusiyyətlər nəzərəçarpacaq dərəcədə diqqət mərkəzində olan əsas məsələlərdən biridir. Yaradıcılığının şah əsəri “Məsnəvi” əsərində yazır: “Ey qardaş, Sən hiss və duyğudan ibarətsən. Yerdə qalanlar isə ət və sümükdəndir”.
Ağıl, nəfs, şəhvət kimi insan üçün önməli olan məsələlərə əsərlərində toxunan və dərvişvari həyat tərzi keçirən böyük şair Mövlana Cəlaləddin Rumi “Məsnəvi” əsərində insanlar ilə mələklərin fərqini də nəzərə çatdırmağı unutmur: “Mələkləri yaradan ALLAH onlara ağıl verdi, insanlara isə həm ağıl, həm də şəhvət verdi. Kimin ağlı şəhvətindən üstündürsə, o mələklərdən də üstün olar”.
XIII əsr türk təsəvvüf ədəbiyyatının ən böyük şairi Mövlana Cəlaləddin Ruminin əsərlərinin əsas qaynaq mənbəyi “Qurani-Kərim” və Peyğəmbər Əfəndimiz Həzrət Muhəmməd Mustafa (səlləllahu əleyhi və alihi və səlləm) müdrik kəlamlarıdır. Əsərlərinin birində müəllif yazır ki, Bu can bu təndə olduğu müddətdə mən “Quran”ın köləsiyəm. Seçilmiş Muhəmmədin ayağının tozuytam. Geniş dünyagörüşünə malik, əsərləri ilə dünyanın-TÜRK-MÜSƏLMAN DÜNYASININ söz sənətkarlarının heyrətə gəldiyi Mövlana zəkası, biliyi, əxlaqı hələ də yaddaşlardan silinməyib.
Mövlana Cəlaləddin Rumi həm də dünya, həyat, qiyamət günü və s. məsələlər ilə bağlı hikmətamiz sözlər-aforizmlər söyləmişdir. Bu mənada, Allah ilə olduqdan sonra ölüm də, ömür də xoşdur aforizmi ən dəyərli nümunələrdən biridir.
XII əsr türkdilli təsəvvüf ədəbiyyatının ilk böyük nümayəndəsi Xoca Əhməd Yəsəvi dünya ədəbiyyatı tarixində “Divani-hikmət” adlı şeirlər kitabının müəllifi kimi tanınmaqla bərabər, həm də “Yəsəvilik” təriqətinin yaradıcısı kimi tanınır. Əslində, “Yəsəvilik” təriqətinin özündə də bəndənin Allaha qovuşması əsas şərt sayılır.
Ümumilikdə, hansı təriqətə qulluq etməsinə baxmayaraq, insanlar ömrü boyu Yaradan Uca Allaha qovuşmaq üçün ən əsas vasitənin məhz ölüm olması faktını qəbul etmişlər.

Dərin hörmət və ehtiramla,

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Bakı şəhəri. 28 noyabr 2017-ci il