Qayçıquyruq qaranquş

Ağın başqa yanadı,
Bir yanadı qaran, quş.
Mənə xoş xəbər gətir,
Qayçıquyruq qaranquş.

Ağın da var, qaran da,
Niyə yoxdu sarın, quş?
Baharlı sevincindən
Küləkləri yaran quş.

Qismətin bahar olsun,
Görməyəsən boran, qış.
Yazdan mənə köynək biç,
Qayçıquyruq qaranquş.

Bəstələnməz nəğmələrim

Kövrək bir istəkmi qəriblik adda?
Gisgilmi yollara işıq saçıbdır?
Ağ-ağ çiçəklər var ayaqlar altda,-
Asfalt, daş yollarmı çiçək açıbdır?!

Bu necə istəkdi batıbdı yasa,
Ayaqlar altına səpələnibdir?
Dünyamı dənizə dönübdür, yoxsa
Yollarmı beləcə ləpələnibdir?!

Dilimin ucunda alışıb yanan,
Mənim sevincimdir, kədərlərimdir.
Ayaqlar altına düşüb tapdanan,
Mənim bəstələnməz nəğmələrimdir.