«Azərikimya» İstehsalat Birliyində 15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş gününə həsr olunmuş geniş tədbir keçirilmişdir. Kimyaçılar öncə Ümummilli lider Heydər Əliyevin Sumqayıtdakı möhtəşəm abidəsini ziyarət etmiş, önünə tər güllər düzmüşlər.
Sonra Birliyin akt zalında davam etdirilən tədbirdə çıxış edən natiqlər qeyd etmişlər ki, çağdaş tariximizin 34 ili ümummilli liderimizin adı ilə bağlı olmaqla, xalqın taleyində şanlı və parlaq səhifəyə çevrilmişdir. 15 iyun 1993-cü ildə Ulu öndər Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə qayıdışı xalqımızın, dövlətimizin və dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin başlanğıcı olmaqla, tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Qeyd edilmişdir ki, bu təkcə Azərbaycan vətəndaşlarının müsibətlərdən qurtuluş günü deyil, eyni zamanda müstəqilliyimizin, dövlətçiliyimizin qurtuluşudur. Çünki Ümummili lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı, iqtisadi tənəzzülə son qoyuldu, hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaradıldı.
Ulu öndərin Neft-kimya sənayesinə göstərdiyi xüsusi diqqətdən danışan natiqlər vurğulamışlar ki, Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi»nin imzalanması ilə Azərbaycanın iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevrilməsi üçün zəmin yaranmış, respublikamızın dünya miqyasında nüfuzu xeyli artmışdır. Natiqlər Sumqayıtın və buradakı kimya sənayesinin inkişaf və tərəqqisinin bilavasitə Ulu öndərin adı ilə bağlı olduğunu da xüsusilə vurğulamışlar. «Bu şəhərin nəhəng kimya sənayesi kompleksi Sumqayıt və Azərbaycan sənayesinin böyük bir hissəsini təşkil edir. Mən Sumqayıtda kimya sənayesinin yaranması və inkişaf etməsinə xidmət etmiş adamların fəaliyyətini yüksək qiymətləndirirəm. Onların hamısı bu gün üçün, müstəqil Azərbaycan üçün gözəl təməl yaratmışlar» – deyən dahi şəxsiyyət Heydər Əliyev Sumqayıtla bağlı həmişə yüksək fikirlər söyləmişdir.
Tədbirdə çıxış edən «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri İmran Arzumanzadə qeyd etmişdir ki, indi xalqımız Azərbaycan dövlətinin tərəqqisi və qüdrətlənməsi, dövlətçiliyimizin qorunması, yeni-yeni iqtisadi uğurların qazanılması, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması istiqamətində yorulmadan çalışan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında sabaha böyük ümid və inamla baxır. Ümummilli liderimizinin müəyyən etdiyi daxili və xarici siyasət xəttinin ölkə başçısı tərəfindən yeni şəraitdə uğurla davam etdirilməsi hər bir vətəndaşımızda o əminliyi yaradır ki, Azərbaycan qüdrətli bir ölkəyə çevirilməklə, beynəlxalq aləmdə mövqeyi və nüfuzu daha da möhkəmlənəcəkdir.
Tədbir boyu Ümummilli lider Heydər Əliyevin hamıya örnək ömür yolu foto-slaydlar vasitəsilə tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Tədbirin sonunda Sumqayıt şəhər 31 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.