Azərbaycanda istehsal olan “Şollerin arxivi” bədii filminin beynəlxalq festivallardakı uğurları davam edir.

Belə ki, bədii film Hindistanda keçirilən “Lake City İnternational” film festivalında “Ən yaxşı film” kateqoriyasının qalibi olub. Birinci yerə çıxaraq kubok qazanan ekran əsərinin Hindistan bazarına çıxarılması üçün təklif də gəlib.

Filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov AZƏRTAC-a bildirib ki, film, həmçinin İngiltərənin 27-ci Çiçester festivalında finala yüksəlib: “Ekran əsəri “Social Machinery film festivalında da final mərhələsindədir və bu yaxınlarda da nəticələr əldə olunacaq. Film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və ölkə başçısı İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən ekranlaşdırılıb. “Şollerin arxivi” bədii filmi Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir. Film dünyanın ən nüfuzlu festivallarında uğur qazanıb və 135 festivala təqdim olunub. “Şollerin arxivi” ilin sonuna qədər daha bir neçə beynəlxalq festivalda nümayiş olunacaq”.

Mənbə: https://azertag.az