Bu il özbək ədəbiyyatının klassiki, şair, dramaturq, tərcüməçi, soydaşımız Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyi tamam olur.
AZƏRTAC-a Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən (AMM) verilən məlumata görə, bu münasibətlə Daşkənd və Bakıda beynəlxalq elmi konfranslar keçiriləcək.
Belə ki, bu il dekabrın 14-də Daşkənddə baş tutacaq tədbir AMM-i Özbəkistan Milli Elmlər Akademiyasının Nəvai adına Ədəbiyyat İnstitutu, habelə Şeyxzadənin uzun illər fəaliyyət göstərdiyi Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin dəstəyi ilə reallaşacaq.
Konfransda Özbəkistan elminin, ədəbiyyatının tanınmış simaları – akademiklər Naim Kərimov, Baxtiyar Nazarov, ədəbiyyatşünas alimlər Nurbay Cabbarov, Hamidulla Hamidi, Hamidulla Boltabayev, Babaxan Şərif və başqaları məruzələrlə çıxış edəcəklər.
Öz fəaliyyəti ilə iki xalq arasında dostluq körpüsü yaradan böyük şair və dramaturq Maqsud Şeyxzadənin yubileyi ədibin vətəni Azərbaycanda da geniş qeyd olunacaq.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycanın “Kaspi” qəzeti və eyni adlı Təhsil Şirkəti ilə birgə təşkil olunacaq yubiley tədbiri Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.
Tədbirlər çərçivəsində Maqsud Şeyxzadənin həyat və yaradıcılığına həsr olunmuş “İki xalqın iftixarı” adlı sənədli film nümayiş etdiriləcək.
Yubileylə əlaqədar Mədəniyyət Mərkəzin layihəsi ilə Daşkənddə çap olunmuş “Özbək şeir çələngi” adlı kitabda Şeyxzadənin “Bir zamanlar”, “Bahar yağışı” adlı şeirləri özbək və Azərbaycan dillərində yer alıb. Tədbirlər çərçivəsində bu kitab iştirakçılara təqdim olunacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd