Üzümü xoş görüb, xoşbəxt deyirsən,
Ağrı içimdədi, yara içimdə.
Dərdimi soruşma, a dırdin alım,
Gəl axtar içimdə, ara içimdə.

Qapalı ümmandı elə bil sinə,
Çalxalanır, sığışmır öz hövzəsinə.
Qızıl balıq kimi üzür tərsinə,
Ürəyi salıblar tora, içimdə.

Ürəkdən çəkirəm, ürək acıyam,
Fikir dünyasıyam, söz yamacıyam.
Özüm özüm boyda dar ağacıyam,
Dara çəkilirəm, dara içimdə.

Taleyim xeyrə yox, şərə qol çəkir,
Dərdi ya qız çəkir, ya oğul çəkir.
Nazim fikirlidi, gözü yol çəkir,
Xatirə yanımda, Sara içimdə.