Azərbaycan Yazıçılar Birliyinin atavan klubunda Müdafiə Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi Ağsaqqalar Şurasının nəşri olan “Qələmlə, Silahla…” adlı kitab-albomun təqdimat mərasimi keçirilib.
Kitab-alboma xalqımızın yüksək mənəvi keyfiyyətlərini – Vətən sevgisi, torpağı qorumaq borcu, qələbə əzmi, yadelli işğalçılara qarşı döyüşlərdə qəhrəmanlıq, fədakarlıq, şəhidlik örnəklərini özündə əks etdirən müsahibələr, şeirlər, məqalələr və tarixi şəkillər daxil edilib.
Kitab-albom ulu öndər Heydər Əliyevin “Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur” fikirləri ilə başlanır.
Nəşrdə 2016-cı ilin Aprel döyüşlərindən sonra Yazıçılar Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə bir qrup şair və yazıçının Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə   səfərindən və onların təəssüratlarından  geniş söhbət açılır. Hər sətrində Azərbaycan əsgərinin gücünü, Lələtəpə zirvəsində vüqarla dalğalanan üçrəngli bayrağımızın tezliklə Şuşada da dalğalanacağına əminliyi, kül altından boy atan Cocuq Mərcanlıdakı qələbəliyi tərənnüm edən şeirlər böyük maraq doğurur.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar tədbir iştirakçılarını salamlayaraq, kitab-albomun işıq üzü görməsində göstərdiyi maddi və mənəvi dəstəyə görə Müdafiə Nazirliyinin rəhbərliyə minnətdarlığını bildirib.
Xalq yazıçısı Müdafiə nazirinin bir qrup yazarı qəbul etdiyi görüşü və cəbhə bölgələrinə səfərlərini xatırlayıb. Yüksək döyüş hazırlığına malik olan Azərbaycan Ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksək  səviyyədə və onun istənilən döyüş tapşırığını yerinə yetirməyə hər an hazır olduğundan  qürurla danışıb.
AYB-nin Ağsaqqallar Şurasının sədri Nəriman Həsənzadə bütün müharibələrdə digər ideoloji vasitələrlə yanaşı,  ədəbiyyatın da böyük rol oynadığını qeyd edərək müharibə mövzusunda yazılan əsərlərin döyüşçünün mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun yüksəldilməsində müstəsna əhəmiyyət kəsb etdiyini deyib. “Vətən müdafiəçilərinə həsr edilən əsərlər cəmiyyətlə ordu arasında sağlam mənəvi körpü yaradır. Əgər yazar döyüşçünün şücaətini, rəşadətini dolğun şəkildə əks etdirə bilirsə, əgər əsgər həmin əsərlərdə özünün obrazını görürsə, bu, ədəbiyyatın  böyük uğurudur.”
Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani  Müdafiə Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə fəaliyyət planından söz açaraq, ordumuzun qələm sahibləri ilə işbirliyinin vacibliyini xüsusilə vurğulayıb. O, qeyd edib ki, ziyalılar, ictimai xadimlər, eləcə də şair və yazıçılarımız  tez-tez Azərbaycan əsgərinin qonağı olur və ordu gənclərinin Vətənə, dövlətə, xalqa sədaqət ruhunda tərbiyə olunmasında səylərini əsirgəmirlər.
A.Qurbani Azərbaycan Ordusu şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun daha da yüksəldilməsində xidmətlərinə görə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Nəriman Həsənzadəyə ünvanladığı təbrik məktubunu və qiymətli hədiyyəni görkəmli Xalq şairinə təqdim edib.
Təqdimat mərasimində Xalq yazıçıları Mövlud Süleymanlı, Elmira Axundova, akademik Nizami Cəfərov, Xalq şairi Musa Yaqub, Cocuq Mərcanlıdan gələn Səidə müəllimə və başqaları Müdafiə Nazirliyinin “Hərbi Nəşriyyat”ında hazırlanan AYB-nin Ağsaqqalar Şurasının “Qələmlə, Silahla…” nəşrini yüksək qiymətləndirib və bu vətənpərvərlik təşəbbüsünün davam etdiriləcəyinə əminliklərini bildiriblər.