Xeybər İgidəliyev 1937-ci ildə Hacıqabulda doğulub. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. Bir neçə il öncə haqqın rəhmətinə qovuşub.

NƏ SƏN DOYUN, NƏ DƏ MƏN

Əzəl gündən var-dövlətə
nə mən uydum, nə sən uydun.
Könül verdik məhəbbətə,
nə sən doydun, nə mən doydum.

Sənsiz, vallah, həyat heçdir,
Tale bizi həmdəm seçdi.
Ömür necə gəldi, keçdi,
Nə sən duydun, nə mən duydum.

Dözdük bəzən yana-yana,
Bu sevdanın acısına.
Biz çəkəni başqasına
nə sən qıydın, nə mən qıydım.

Getdi o hüsn, o yaraşıq,
gözümüzdə sönür işıq.
Qocalmışıq, qarımışıq,
Nə sən oydun, nə mən buydum.

Bulaq

Bir gözəllə, görüşünə
Gəldim dönə-dönə, bulaq.
Insafdımı bundan sonra,
Qəlb küsə, üz dönə bulaq?!

Nə etmədi o gülyanaq,
Dağ üstündən çəkdi min dağ.
Gəl, sinəmin üstündən ax,
Bəlkə odum sönə, bulaq.

Ürəyimə salma güman,
Yar gözündən içən zaman.
Öpmə onun dodağından,
Qısqanıram sənə bulaq!