“Kitabxana – koronavirusa YOX deyir!” layihəsinə qoşulan şairə Sənəm Səbayelin “Koronavirus” şeiri

Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) tərəfindən həyata keçirilən “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyası dünyanı bürüyən koronavirus pandemiyasına aid bir-birindən maraqlı yazıları təqdim etməkdə davam edir. Qeyd edilən aksiyaya qoşulan və yazısını təqdim edən yazarlardan biri də Sənəm Səfərovadır.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Sənəm Səfərova (Sənəm Səbayel) çətin dövr keçirən xalqına dəstək olaraq qələmə aldığı “Koronavirus” şeirini kitabxanaya təqdim etdi.

Qeyd edək ki, şairənin yaradıcılığında vətənpərvərlik və təbiət mövzusu əsas yer tutur. “Nə gözəldir məhəbbət”, “Məni göydə basdırarsız”, “Şahanə” adlı şeir və hekayə kitablarının müəllifi olan Sənəm Səbayelin dörd bənddən ibarət olan bu şeirində hal-hazırda göyün və yerin cəzası olaraq gördüyü “koronavirus”u qeyd edir. O, kabusa dönən virusu Allah tərəfindən göndərilən ən böyük sınaq kimi görür və dilə, dinə, irqə, həmçinin yaş qrupuna baxmayaraq insanların həyatını məhv etməyə davam etdiyini vurğulayır.

Aksiyaya qoşulan şairənin “Koronavirus” şeiri oxuculara təqdim edilir:

         KORONAVİRUS

Göyün yerə cəzasıdı bəlkə də,

Dünyanı bürüyüb koronavirus.

Elm də, alim də aciz qalıbdı,

Çarxı tərs fırladır dövrana virus,

Bir kabusa dönüb koronavirus.

Bəlkə də insanlıq ölürdü deyə,

Haqsız haqqa özün öyürdü deyə.

Bəndə “Allah mənəm!” deyirdi deyə,

Yaradan deyir ki, burda dayan, sus!

Onun dərd dərsidi koronavirus.

Nə dini var, nə imanı, dil qanmır,

Diz çökdürüb Avropanı, dayanmır.

Bir qara yuxudu, yatan oyanmır,

Hakim mənəm deyir dünyaya, əfsus…

Dərs verməyə gəlib koronavirus.

Nə padşah tanıyır, nə varlı sayır,

Yaşlını öldürür, cavana qıyır,

Sağ qalmaq istəsən evdə qal deyir,

Səbayeli salıb “zindana” virus,

Lənətə gələsən koronavirus…