“Yerinə qayıdır hər şey, yerinə…” şeri ilə Ramiz Qusarçaylı “Koronavirusa YOX deyir!” layihəsinə qoşuldu

“ Yerinə qayıdır hər şey, yerinə…”  şeri ilə  Ramiz Qusarçaylı “Koronavirusa YOX deyir!” layihəsinə qoşuldu

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) tərəfindən həyata keçirilən “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyası davam edir.

Xatırladırıq ki, kitabxana sosial izolyasiya qaydalarına uyğun olaraq, #Evdəqal çağrışını dəstəkləyərək oxuculara virtual xidməti davam etdirir.

“Yerinə qayıdır hər şey, yerinə…”  şeri ilə  aksiyaya qoşulan Ramiz Qusarçaylı 17 yaşında ikən xalq şairi Osman Sarıvəlli ona “Qusarçaylı” təxəllüsü  vermiş, mətbuat səhifələrində yaradıcılığı barədə məqalə ilə çıxış edərək uğurlu yol diləmişdir.

1993-cü ildə Qubada bölgə yazarların özündə birləşdirən “Ay işığı” adlı ədəbi məclis yaratmış və hazırda məclisə sədirlik edir.

“Çörəyim daşdan çıxır”,  “Ömür qapıları”, “Bir çiçək axşamı”, “Nə gözədi yolun Allah”, “Eşşəknamə”, “Almalı kitab” və “Gedəsən dünyanın axırınacan” adlı şeirlər, “Göyəm ağacı” adlı tərcümə kitablarının, “Quba” adlı foto-albomun, “Ay işığı” adlı beş almanaxın, onlarla elmi, bədii və publisistik məqalənin müəllifidir.

Macar, italyan, ingilis, rus, ukrayna dillərində tərcümə etdiyi şeirləri “Göyəm ağacı” adlı kitabda dərc olunmuşdur.

Şairin “Azərbaycan bayrağı” və digər şeirləri dərslik kitablarında və Dövlət İmtahan Mərkəzinin Test kitabında yer almış, şagirdlərə tədris edilir.

“Yerinə qayıdır hər şey, yerinə…”  şeiri ilə şair İmdad da göydədi, pənah da göydə deyərək, insanları həyatın qədrini bilməyə, dinə imana gəlməyə, yerinə “qayıdar” Allah da göydə… deyərək ümüdlü olmağa, inamlı olmağa səsləyir.

                              Yerinə qayıdır hər şey, yerinə…

Bülbüllər qayıdır qəfəs yerinə,

Balıqlar qayıdır nəfəs yerinə,

Sevgilər qayıdır həvəs yerinə,

Yerinə  qayıdır hər şey yerinə…

Ərinin yanına qayıdır arvad,

Arvadın yanına qayıdır əri.

Yerinə qayıdır efirxanalar,

Yerinə qaytarır şit əməlləri. 

Çöldəki “ürək”lər,

Çöldəki “can”lar,

Evdə oğrun-oğrun baxışır indi.

Beş-altı villaya sığışmayanlar

Qayıdıb bir evə yığışır indi.

Yerinə qayıdır yetim ahları

Acılar qayıdır acılığına.

Yerinə qayıdır qibləgahları

“Hacı”lar qayıdır hacılığına.

Günlər bir boydadı,

Gecələr uzun,

Birdi təşvişləri, təlaşları da.

Qiyməti kəsilən kasıb bir qızın

Yerinə qayıdır göz yaşları da…

Dizləri titrəyir fərari “ər”in,

Qımışır xeyir də, şər də yerində.

Qeybətdən buğlanan pəncərələrin

Xəcalət yellənir pərdə yerində…

Yerinə qayıdır din özəlliyi

Qayıdır dillərə Allahın adı.

Yerinə qayıdır Çin rəzilliyi

Yerinə qayıdır uyğur fəryadı…

Barmaqlar qayıdır çaxmaq yerinə,

Baxışlar qayıdır baxmaq yerinə,

Daha bu dünyaya inanan yoxdu –

Dünyanı qoyublar axmaq yerinə.

Yerinə qayıdar qorxunun tamı,

İmdad da göydədi, pənah da göydə.

Allaha yalvarır evində hamı

Yerinə “qayıdar” Allah da göydə…

Bülbüllər qayıdır qəfəs yerinə,

Balıqlar qayıdır nəfəs yerinə,

Sevgilər qayıdır həvəs yerinə,

Yerinə qayıdır hər şey, yerinə…