AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, yazar Vüqar Əhmədin “Son nəfəsədək Azərbaycan” romanı təkrar çap olunub. İkinci dəfə nəşr olunan əsər arxiv materialları və tarixi sənədlərə istinadən yazılmışdır.
Roman ilk dəfə 22 noyabr 2013-cü il “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı”na müvafiq olaraq çap edilib. Təkrar nəşr isə Məhəmməd Əmin Rəsulzadə irsinin yorulmaz tədqiqatçısı, professor Şirməmməd Hüseynovun xatirəsinə ehtiram olaraq işıq üzü görüb. Kitabın ön sözünün müəllifi Ədəbiyyat İnstitutunun əməkdaşı, Şirməmməd Hüseynovun həyat yoldaşı Ülkər Hüseynovadır.
“Ecoprint” nəşriyyatında çap olunan, 340 səhifədən ibarət əsər müəllifin 40-cı kitabı və üçüncü romanıdır. Romanda Məhəmməd Əmin Rəsulzadənin Azərbaycana göstərdiyi danılmaz xidmətlər, Azərbaycan Xalq Cümhuriyyətini yaradanların heyrətamiz vətənpərvərliyi, fövqəladə siyasi fəaliyyətləri və digər maraqlı tarixi faktlar, macəralı səhnələr, dramatik lövhələr yer almışdır. 

Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi