Azərbaycanlı gənc yazar Nemət TAHİR.Yeni şeirlər (IV hissə)

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

 İçimdən keçənlər…


Nifrətin əli ilə,şərin özü ilə
Boynunu vurmuşam parlaq günəşin
Kainat mat qalıb özü-özlüyündə
Məni illər boyu uşaq kimi aldadan
Xoş gələcək arzusu ilə yaşadan
Yalançı,fırıldaq ümidlərimi qəlbimdən
qoparıb bir-bir boynunu vurdum edam kötüyündə.
Acaq ürəyim soymadı,”insani”hisslərim,nəfsim doymadı
Hamısın yığıb bir yerə onları dəfn elədim
Keçmişimin dərinliyində…
Şaxtalı bir qış gecəsi,vaxt dayanıb
Göydə ay,uduzla da donub…
Bu sükutu bircə pozan
Döyünən,arsız ürəyimdi.
Bircə anda dayanmayan xəyallarım,diləyimdi
…Yaşamıram,mən yoxam,mən yoxluğam
Bir günahkar ruh sürünür can yerinə
Tikə-tikə doğrasanda heç nə çıxmaz
Damarımda nifrət dolanır qan yerinə
Unutmuşam kimliyimi,itirmişəm Tanrımı,inancımı…
Söz deməyə haqqım,yaşamağa yerim yox…
Aslı qaldım mən göylərin ətəyində.

                         Keçir

Qəlbim ayrılıqdan eləyir fəryad

İçimdən bir ümid ayrılıb köçür

Hicranın alovu yandırır məni

Dodağım gözümün yaşını içir

Bu cür sədaqətlə gözlə yolumu

İnsan nə əkirsə,onu da bicir

 Hayana getsən də,çıxma bu yoldan

Sevginin yolları qəlbimdən keçir

 
               MƏNƏ
Gözümə göründü bir anlıq siman
Həsrətin yarası  qövr etdi yenə
Təkcə bu yaralı ürəyim deyil,
Bütüncə varlığım həsrətdi  sənə
Bürünsə də nura  bütün kainat
Sənsizlik əbədi  zülmətdir  mənə
Səndən ayrı  düşmək  unutmağı   yox,
Uzaqdan  sevməyi   öyrətdi  mənə

Qar çiçəkləri

   Doğmalar içində bir yadam mən.
Sanki yaddan çıxıb,unudulub
xatirə dəftərinin vərəqləri arasında
qurumuş gül ləçəkləri…
    Dərdlərimi çətir etdim başıma.
Döyəcləyir yaz yağışı.
Öz əlimlə ağı qatdım aşıma.
Məni tutdu çiçəkləmiş bir ağacın qarğışı.
Yaralı budaqlar sərilib yerə,
Əlimdə ağlayır nar çiçəkləri…
   Dua etdim üflədim ovuclarıma.
Uça bilmədi…
Arzularım,istəklərim,diləklərim
qanadları islanmış may böcəkləri…
   Qar yağır varlığıma.
Ruhumda fırtınalar,tufanlar
İçimdə şaxta,sazaq.
Ürəyim buz bağlamış bir qaya.
Boynubükük ümidlərim günəşə boylanan
qar çiçəkləri…