Xalq yazıçısı Kamal Abdullanın “Laokoon…Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” adlı yeni kitabı işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, yazıçının sayca beşinci romanı olan əsərdə müəllif məşhur “Yarımçıq əlyazma” romanının yazılma tarixçəsini özünəməxsus bədii-fəlsəfi formada təqdim edir.

Roman iç-içə süjetlər və fəsillər vasitəsilə, mifoloji zamanla çağdaş zaman arasında sıçrayışlarla müşayiət edilən hadisələr şəklində qurulub.

Əsərin qəhrəmanı olan Vaqif bir roman yazmaqdadır, bütün düşüncəsi, varlığı həmin əsəri yazarkən içinə dolan “tanış və yad sonsuz lüğət”lə bağlı suallarla dolur. Vaqif öz şübhələrini sevgilisi Firəngizin gözlənilməz suallarında, gözlənilməz şəkildə məsələnin məğzinə işıq tutan baxışlarında yəqinləşdirir. Əsər həm Vaqiflə Firəngizin sevgi əhvalatı mənasında romandır, həm də Vaqif əsər boyu yazmaqda olduğu kitab mənasında roman.

“Köhlən” nəşriyyatında işıq üzü görən kitabın redaktoru Cavid Zeynallıdır.

Kitabın “Ön söz”ü çoxmüəlliflidir. “Ön söz”də Xalq yazıçısı Kamal Abdullanın yaradıcılığı haqqında Umberto Eko, Franko Kardini, Maks Statkiyeviç, Anastasiya Yermakova, Lüdmila Lavrova, Lev Anninskiy, Klod Aliber, Sudha Svarnakar, Anar, Ramiz Rövşən, İsa Həbibbəyli, Arif Acaloğlu, Tehran Əlişanoğlu, Azər Turan, Vaqif Nəsib, Aqşin Yenisey, Elnarə Akimova, Mətanət Vahid, Maraq Yaqubova, Qismət Rüstəmov, Nargis və Ülvi Babasoyun fikirləri yer alıb.

Kamal Abdulla yeni əsəri haqqında fikrini belə ifadə edib: “Bu roman Laokoona inanan Troya haqqındadır”.

Mənbə: https://azertag.az/