Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tədris teleradio studiyasında (BDU TV) jurnalistika ixtisasında təhsil alan tələbələr müntəzəm olaraq televiziya və radio verilişləri, süjetlər, tanıtım çarxları, sənədli filmlər hazırlayaraq yayımlayırlar.

Hazırda studiyada Azərbaycanda “Nizami Gəncəvi İli” çərçivəsində BDU üzrə tədbirlər planına müvafiq olaraq dahi şairin yaradıcılığına həsr olunan silsilə “Nizami Gəncəvi – 880” adlı videoçarxlar hazırlanır.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, cari ilin ilk yarısında tələbələrin iştirakı ilə müxtəlif mövzularda 20-dən çox videoçarx hazırlanıb və ictimaiyyətə təqdim olunub.

Vətən müharibəsi dövründə studiyada hazırlanan silsilə proqramlarda, “Şuşa bizi gözləyir”, “Xarıbülbül”, “Terrora yox!”, “Həsrətinə qovuşduq, “Xudafərin” kimi kompozisiyalarda, BDU TV və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə layihəsi olan “Mətbuat səngəri” adlı silsilə maarifləndirici verilişlərdə torpaqlarımızın azadlığı uğrunda apardığımız haqq mübarizəmiz, rəşadətli ordumuzun parlaq qələbəsi, müharibədə medianın üzərinə düşən vəzifələr, informasiya müharibəsi, tələbə-gənclərin mövcud vəziyyətlə bağlı maarifləndirilməsi kimi mövzular əhatə olunub.

Mənbə: https://azertag.az/Mənbə: https://azertag.az/