Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı


Bütün əvvəllərin yolu sonadır,
Bitəcək həvəsi görüşlərinin.
Ayrılıq azacıq nikotin dadır,
Tərkibi qətrandır öpüşlərinin.

Mən ki ta əvvəldən ürəyi qırıq,
Axı nə biləsən, hardan biləsən?
Sən vüsal donunda gələn ayrılıq,
İndi həsrətinlə nəfəs-nəfəsəm.

Yığıldı köksümə dərd yumaq-yumaq,
Əsən külək mənəm, yağan qar mənəm.
Axı necə olur həmişə, ancaq,
Bütün səbəblərə günahkar mənəm?

Qürurum ucuzmuş, vüqarın baha,
Böyük duyğuların ruhu kiçilib.
Qorxma, çıxmayacam qarşına daha,
Qorxma, yolsuzluqda qapı açılıb…

Adımı dəli qoy, yada sərsəri,
Min bir bəhanə tap qınağa, kinə.
Bütün kədərimin yolu sənədi,
Bütün qəzəbinin ünvanı mənə.

Daha əvvəlki tək gətirmirəm tab,
İndi ahlarıma mücrüdü sinəm.
Hayandan baxsan da, bəllidir cavab,
Bu eşqin uduzan tərəfi mənəm.

Bütün əvvəllərin yolu sonadır,
Bitəcək həvəsi görüşlərinin.
Ayrılıq azacıq nikotin dadır,
Tərkibi qətrandır öpüşlərinin…

* * *


Sonuncu yarpaq da endi budaqdan,
Başını dumanlar aldı dağların.
Yenə bir əlvida qopdu dodaqdan,
Yeni bir yolçusu var uzaqların.

Ağlasam göz yaşım səni durdurmaz,
Verdiyin qərarda qətisən bəlkə.
Bu boyda dünyada kədər tapılmaz,
Mənə yaşatdığın kədərdən yekə.

Nə edim son sözün sussdurdu məni,
Təpədən dırnağa təzadsan, təzad.
Taxdın inadıma kələpçələri,
İndi mən məhbusam, indi sən azad.

Nə son yarpaq idi budaqdan düşən,
Nə son qaranquşdu köç edib gedən.
Sən idin qəlbimi incidən, deşən,
Sən idin səbəbkar, sən idin nədən.

Susub çarəsizcə yola saldığım,
Arxanca ağladı buludlar gecə,
Bu gündən bilmirəm qurban olduğum,
Necə yaşayacam mən sənsiz necə…