“Heydər Əliyev İli” çərçivəsində uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və bədii zövqünü inkişaf etdirmək məqsədilə “Azərbaycanım” VI Respublika Uşaq Rəsm Festivalına start verilir və festival çərçivəsində müsabiqə elan olunur.

Bu barədə AZƏRTAC-a Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.

O qeyd edib ki, festival və müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

“Yaşı 21-ə qədər şəxslər aprel ayının 25-dək rəsm əsərini fotosu ilə bərabər əsərin adı, öz adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini resmfestival2023@gmail.com ünvanına göndərməklə müsabiqəyə qatıla bilərlər. Əsərlər tək-tək göndərilməli, məlumatlar dolğun olmalı, ən çoxu 2 əsər göndərilməlidir.

Güllər mövzusunda olacaq əsərlərdə ölçü və texnika sərbəstdir. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək. Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər. Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq və hər yaş kateqoriyası üçün ayrıca sərgi açılacaq. 11 yaşa qədər, 11-16 və 16-21 yaş arası. Birinci turdan keçmiş əsərlər sərgilənmək üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq. Əlavə suallar üçün 051-310-74 01 telefon və ya vatsap ünvanına müraciət edilə bilər. Sərgilər Xətai Sənət Mərkəzində təşkil olunacaq”, – deyə o söyləyib.

Z. Əvəzov bildirib ki, əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikat və fəal tədris mərkəzləri isə (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət ediləcək.

Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Mənbə: https://azertag.az/