MİNACAT – DİVANİ

Bir divani bağlamaqda, Xudam, kömək ol mənə,
Saz götürüm, dərgahında izininlə söz deyim.
Halallıqla haqqa varmaq qəsdim oldu dünyada,–
Nəfsim çəkdi imtahana imanımı – düz deyim.

Tapındığım Adın oldu, tanıdığım kərəmin,
«La İlahə İlləllah!»dı cövhərində zərrəbin.
Günahlardan yan ötmədim, ver cəzamı birə min,
Könlüm evi abad olsun, can evimə döz deyim.

Cazibəndə dövrəkaram, təcəllana mailəm,
Varın, yoxun könlümcədi, şükür Sənə!– qailəm.
Bəni-Adəm İbrahiməm, səhralarda sailəm,
Sidqimdi Ərşi-əlada, sinəmdi köz-köz – deyim.

YASƏMƏNDƏDI

(təcnis)

Nazınnan oynayar hərə bir gülün,
Könül, sənin meylin yasəməndədi.
Yasəməni tərpən, yasəməni din,
Yasəməni ağla – yasəmən də di.

İrmağa su gələr, dolar arxa da,
Xəlq eləyən Xaliq olar arxa da.
Atişləməz yollar qalar arxada,–
Ya köhlənə yalvar, ya səməndə di.

Təbib, yaram çoxdu, bir di dərməni–
Bir doğrayar məni, bir didər məni.
İbrahim, dərdiyin birdi dərməni,–
Yasəmən misallın YASƏMƏNdədi.