Bu gün görkəmli ədəbiyyatşünas alim, ictimai xadim, filologiya elmləri doktoru, professor, Xalq yazıçısı Əzizə Cəfərzadənin doğum günüdür.

AZƏRTAC xəbər verir ki, anadan olmasının 102-ci ildönümü tamam olan Əzizə Cəfərzadə milli təfəkkürümüzün yetişdirdiyi ən önəmli simalardan, XX əsr Azərbaycan ədəbiyyatının ən istedadlı nümayəndələrindən biridir.

O, 1921-ci il dekabrın 29-da Bakıda anadan olub. 38 nömrəli məktəbdə ibtidai təhsilini aldıqdan sonra Sabir adına Pedaqoji Texnikumda və Bakı Teatr məktəbində oxuyub. Əlaçı oxuduğu üçün Azərbaycanda ilk dəfə təsis edilən M.F.Axundzadə mükafatına birinci o layiq görülüb. 1942-44-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib. 1946-47-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1957-74-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri işləyib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin professoru olub. XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınan Əzizə Cəfərzadə 1950-ci ildə “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri” mövzusunda namizədlik, 1970-ci ildə “XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1937-ci ildə 16 yaşlı Əzizənin “Əzrayıl” adlı ilk hekayəsi “Ədəbiyyat” qəzetində çap edilsə də, 11 il sonra nəşr olunmuş ilk kitabı Moskvanın xüsusi qərarı ilə satışa çıxmadan yığışdırılaraq yandırılıb. Sovet senzurası gənc yazıçını salon lirikasını tərənnümdə, yəni “Axmatovşina”da ifşa edərək kitabı yığışdırır.

Müasir Azərbaycan nəsr tarixində tarixi roman janrı Əzizə Cəfərzadənin qələmi ilə yenidən canlanıb. 1963-cü ildə “Natəvan haqqında hekayələr”i yazır. Bu hekayələrdə o, Xurşidbanu Natəvanın həyatını dolğun ifadələrlə qələmə alıb. Müəllifin ilk tarixi romanı XIX əsrdə Şamaxıda yaşayıb yaradan məşhur şair Seyid Əzim Şirvaninin ədəbi həyatından bəhs edib. “Aləmdə səsim var mənim” adlı həmin roman 1973-78-ci illərdə yazılıb. Paralel olaraq yazdığı “Vətənə qayıt” tarixi romanı isə 1977-ci ildə çap edilib. 1980-ci ildə XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayan romantik şair Abbas Səhhətin həyat və yaradıcılığından bəhs edən “Yad et məni” romanını, cəmi bir il sonra Şah İsmayıl Xətai və onun Bakıya yürüşü tarixini özündə əks etdirən “Bakı-1501” tarixi romanını yazıb. “Cəlaliyyə” (1983) romanında isə XII əsr Naxçıvanın qadın hökmdarı Cəlaliyyənin Vətənin müdafiəsi uğrunda apardığı mübarizənin tarixini dəqiqliklə göstərib. İstər tarixi, istərsə də ədəbi prosesləri gözəl bilən və daima axtarışda olan ədəbiyyatşünas alim Azərbaycan ədəbiyyatında öz qələmi ilə silinməz iz qoyub. “Sabir” (1989) romanı XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaradan məşhur satirik şair Mirzə Ələkbər Sabirə, “Eldən elə” (1992) XIX əsrdə 37 il dünya səyahətində olan coğrafiyaşünas Zeynalabdin Şirvaniyə həsr edilib. “Bir səsin faciəsi” (1995), “Gülüstan”dan öncə” (1996), “Zərrintac-Tahirə” (1996), “İşığa doğru” (1998), “Bəla” (2001), “Rübabə sultanım” (2001) tarixi romanları Əzizə Cəfərzadənin fasiləsiz axtarışlarının məhsuludur.

Əzizə Cəfərzadənin 2003-cü ildə qələmə aldığı “Xəzərin göz yaşları” adlı povesti isə 1938-ci ildə Azərbaycanda yaşayan Cənubi azərbaycanlıların Stalin rejimi tərəfindən 3-4 gün ərzində İrana məcburi deportasiyasına həsr olunub. Əzizə Cəfərzadə Şərqin dühası Məhəmməd Füzuli yaradıcılığına gözəl bələd olduğundan, ölümündən bir az əvvəl onun həyatı haqqında “Eşq sultanı” adlı romanını yazıb.

Yazıçının “Sahibsiz ev” (1966), “Əllərini mənə ver” (1970), “Sənsən ümidim” (1984), “Xəyalım mənim” (2002) əsərləri geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb. Uşaqları yaddan çıxarmayan Əzizə Cəfərzadə “Qızımın hekayələri” (1964), “Anamın nağılları” (1982), “Çiçəklərim” (1988), “Pişik dili” (2001) kimi hekayələr və nağıllar yazıb.

Azərbaycan dilinin saflığını qoruyan və onu təbliğ edən ədəbiyyatşünas alimin elmi əsərləri də bədii ədəbiyyat nümunələri kimi daim oxunur. “Fatma xanım Kəminə” (1971), “Könül çırpıntıları” (1972), “Azərbaycanın aşıq və şair qadınları” (1974, 1991), “Azərbaycanın şair və aşıq qadınları” (II nəşr 2003), “Şirvanın üç şairi” (1971), “Mürcüm Kərim Vardani. Sünbülüstan” (1978), “Abdulla Padarlı. Seçilmiş əsərləri” (1979), “Hər budaqdan bir yarpaq” (1983) kitabları yazıçıya xüsusilə şöhrət gətirib.

Ana və qadın mövzusuna xüsusi önəm verən yazıçının folklor araşdırmaları, etnoqrafik yazıları da maraq doğurur: “Bayatı düşüncələrim”, “Xızır Nəbi”, “Novruz” və başqa əsərlər bu qəbildəndir. Əzizə Cəfərzadə iştirak etdiyi beynəlxalq konfranslarda, xarici səfərlərində daim Azərbaycan və onun tarixi haqda məlumatlar verməklə yanaşı, həmin ölkələrin kitabxana və fondlarında Vətənimizlə bağlı məlumatları araşdıraraq toplayıb. Bu məqamlar Əzizə xanımın səyahət gündəliklərində öz əksini tapıb.

Əzizə xanım 1965-1966-cı illərdə pilot olan həyat yoldaşı ilə birlikdə Qanada (Afrika) yaşamalı olub və həmin illərin xatirələri 1968-ci ildə çap olunan “Qızıl sahilə səyahət” xatirə kitabında toplanıb.

Xalq yazıçısı Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də vəfat edib.

Mənnbə: https://azertag.az/