Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”ŞAİR, NƏ GEC GÖRÜŞDÜK BİZ?”

”Sizinlə rastlaşdığım üçün Allahıma minnətdaram. Mən Sizi çox, lap çox sevirəm. Sözün bütün mənasında. Hərdən ağlımdan özümün də qorxduğum bir fikir keçir: ”Şair, nə gec görüşdük biz?”
Bir məktubdan

Ürəyin yarpaq tək əsir,
Eşqin bir kükrəyən dəniz.
Qəlbindən bir nida qopdu:
”Şair, nə gec görüşdük biz?”

Dedin: – Naşükür deyiləm,
Minnətdaram Allahıma, –
Qarşıma Sizi çıxarıb,
Son qoydu könül ahıma.

Qəlbimə düşən sevginin
Hər damlası bir incidi.
Istədim Sizdən gizləyim,
Ürəyimdə sirr incidi.

Nə vaxtadək könlümüzdə
Arzu arzu tək qalacaq?
Eşqindən qəlbim əsirsə,
Necə Arzu tək qalacaq?!

Sevgi hər şeyə qadirdi,
İnsanın fağırı yoxdu.
Taleyin əlində eşqin
Əvvəli, axırı yoxdu…