“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri.

* * *

Üzümün, gözümün suyu
Selə gedəcəksə… Heç nə.
Belə başlayan bu ömür
Belə gedəcəksə… Heç nə.

Açılmayıbdı sarğısı,
Hələ ağrıyır ağrısı…
Mən bildiyim yanlışların
Nə idi ki, bəs doğrusu?

İlahi, xəbərin olsun,
Elə bezdirirlər məni.
Taleyə inandırırlar,
Səndən küsdürürlər məni…

Üzümün, gözümün suyu
Selə gedəcəksə… Heç nə.
Belə başlayan bu ömür
Belə gedəcəksə… Heç nə.

* * *

Bir sakit yerə qoydum
Xatirəni içimdə.
Ayıq başla düşündüm,
Nə oldu, niyə oldu?
Gərək məni özündən
Soyudaydın gedəndə,
Bu qəfil ayrılıqda
Olan bir mənə, bir də,
Olan sevgiyə oldu.
Ruhum can çəkişmədə,
Yarı ölür, yarı sağ.
Dünya dağılmazdı ki,
Sən də, mən də yarısaq.
Yüz ölçüb, bir biçildik-
Bizəmi qaldı elə?
Aralandıq, kiçildik,
O sevgi əlvidalıq
Sözəmi qaldı elə?
Nə bitişlər görmüşəm,
Belə bitmir bitəndə.
Gərək məni özündən
Soyudaydın gedəndə.