974523_605633869478096_867081683_n

Ramin CİLOVDARLI (Qasımov Ramin) 1983-cü ildə Tovuz rayonunun Cilovdar kəndində anadan olub.1989-2000-ci illərdə orta məktəbdə, 2000-2004-cü illərdə Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2011-ci ildə “Dərdə şükür” adlı şeirlər kitabı işıq üzü görüb.Ailəlidir, bir övladı var.

Halalın olsun

Ömrümü yollarına
Sərdim, halalın olsun.
Könül nədi, ruhumu
Verdim, halalın olsun.

Həyat uşaq nağlımı?
Könül qapın bağlımı?
Aparanda ağlımı
Gördüm, halalın olsun.

Baxışların nə laldı?
Nə verdisə məlaldı.
Nə verdimsə halaldı,
Dərdim halalın olsun.

Getdim

Hardasa qərib səsdim,
Gəldim dünyaya küsdüm.
Bir dərimlik nəfəsdim,
Bir udum suydum, getdim.

Arım, sənə çiçəkdim,
Yarım, sənə göyçəkdim.
Nə bildiniz, nə çəkdim,
Ya da nə duydum getdim.

Nə ucuzdu, nə baha?
Dindim, batdım günaha.
Ömür yaşamadım ha,
Günümü saydım, getdim.