1184777_664491616931063_471212439_a

İnsanlar şəxsiyyət doğulmurlar… şəxsiyyətləri zaman yetişdirir… və hər kəsin bəxtinə şəxsiyyət olmaq yazılmayıb! Şəxsiyət olmaq üçün bir çox üstünlüklərin, fərqli tərəflərin olmalıdır. Susmağı və danışmağı bacarmalısan! Pozmağı və yazmağı bacarmalısan! Son sözün bir başlanğıc olmalıdlr! “Mən” kəlməsindən uzaq, təkəbbürdən uzaq, Allaha yaxın olmalısan!
İnsanlar şəxsiyyət doğulmurlar… və şəxsiyyətlər doğulmadıqları kimi, ölmürlər də… şəxsiyyətləri öldürmək də mümükün deyil! Dünya durduqca, şəxsiyyətlər də olacaq, yaşayacaq! Cəmi əlli il yaşayıb, min illərdir həyat sürən şəxsiyyətlər var. Otuz il yaşayıb, tarixə əbədi yazılan şəxsiyyətlər var. Kim nə deyir desin, bu dünyada ən böyük xoşbəxtlik elə şəxsiyyət ola bilməkdir!

İnsanlar şair olmurlar… şair doğulurlar! Şairi zaman yetişdirmir! Şair zaman yetişdirir… şeir zamanı!
Qələmlə dost, kağızla sirdaş olmaq da hər kəsə nəsib olmur!

İnsanlar şair olmurlar… şair doğulurlar! Amma şairi də öldürmək mümkün deyil… əgər özü-özünü öldürməsə! Bir ömür boyu yazmasan, yazdığını kimsəyə göstərməsən, çap olunmasan, özünü öldürmüş olarsan! Şairi öldürmüş olarsan!

Məmməd Dayının ölüm təhlükəsi yoxdur… O, şairi öldürsə belə, şəxsiyyətdir! Amma sevindirici tərəfi odur ki, biz dostları ona şairi öldürməyə də izn vermədik. Yola gətirdik və onun şeirlər, qəzəllər kitabı işıq üzü gördü. Bayaq dedim axı, şəxsiyyət susmağı və danışmağı, pozmağı və yazmağı bacarandır!

Məmməd, elə öz canını sən mərdlərə qurban,

Şimşək kimi namərd başına çaxmalı olduq.

Canını mərdlərə qurban etmiş şəxsiyyətin kitabını oxumaq isə bizim hər birimizin borcumuzdur!

İndi şeir zamanıdır!