Category: Azərbaycan ədəbiyyatı

  • Kənan AYDINOĞLU.”Yorulmamışam”

    Photo Kenan

    Nə qələm yorulub, nə də ki, aləm,
    Mən şeir yazmaqdan yorulmamışam.
    Müəllif

    Göydən də, yerdən də uca Allahı,
    Tərənnüm etməkdən yorulmamışam.
    Qunutun, rukunun ardınca, inan,
    Səcdəyə getməkdən yorulmamışam.

    Dostları, tanışı İslam dininə,
    Bu gün səsləməkdən yorulmamışam.
    Qəlbimdə düşmənim şeytana hər an,
    Nifrət bəsləməkdən yorulmamışam.

    Haqq nuru “Qurani-Kərim”dən bu gün,
    Mən ilham almaqdan yorulmamışam.
    Ömrümün ən xoşbəxt çağında belə,
    Nəğməsiz qalmaqdan yorulmamışam.

  • Kənan AYDINOĞLU.”Hər aylı-ulduzlu gecədə bəlkə”

    Photo Kenan

    Hər aylı-ulduzlu gecədə bəlkə,
    Sən mənim könlümə həyan olassan.
    Darayıb telini gözüm önündə,
    Mənim xatirimdə belə qalassan.

    Atalı-analı dünyanın özü,
    Səni qayğısına bürüyəcəkdi.
    Sənin dodağından bircə ah çıxsa,
    Qar da bir buz kimi əriyəcəkdi.

    Gecə də, gündüz də narahat olub,
    Səni axtaracaq illər uzunu.
    Sənsizliklə keçən bir ömrün günü,
    Bəlkə əridəcək yerin üzünü.

    Sən gəlsən yanıma mənim ömrümdə,
    Bir eşqin çırağı sönüb-yanacaq.
    Səhərdən-axşama narahat könlüm,
    Bu gün də,
    bu gün də səni anacaq.

    Sən döyüb qapını gəlsən yanıma,
    Mən özgə qayğıdan azad olacam.
    Adına yazdığım neçə şeiri,
    Tək sənə oxuyub evdə qalacam.

    *Bu şeir Sumqayıt şəhərində fəaliyyət göstərən “Yeganə yol” qəzetinin 14 aprel 2010-cu il tarixli sayında çap olunub

  • Rahilə DÖVRAN.”Yaşayıram”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Könül dəftərim” – silsiləsindən

    Gözlərimdən düşən yaşı,
    Sinəm üstə daşıyiram,
    Dolanaraq dağı, daşı,
    Kimin üçün yaşayıram?

    Əriyirəm aram- aram,
    Qaysaq tutmur, köhnə yaram.
    Bilmirəm ki, yoxam, varam,
    Kimin üçün yaşayıram?

    Hicran baş qoyub dizimə,
    Payız çöküb gül üzümə.
    Alışaraq öz közümə,
    Kimin üçün yaşayıram?

    Demə barsız söyütmüşəm,
    Dərdi dəntək üyütmüşəm.
    Qəlbdə vüsal böyütmüşəm,
    Kimin üçün,yaşayıram?

    Zaman keçdi, olan- oldu,
    Əhdi- peyman, yalan oldu.
    Dövran, ömrün talan oldu,
    Söylə, Rəbbçün yaşayıram…

  • Rahilə DÖVRAN.”Hardasan, Nənə?!”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Qaranlıq çökübdür, al sabahıma,
    Ağ bulud örpəkli dağ itirmişəm.
    Əlac tapılmayır mənim ahıma,
    Barlı, bəhrəli bir bağ itirmişəm.

    Hər gecə yuxuma girirsən mənim.
    Nə ola gerçəkdən gələsən, nənə.
    Durula göz yaşım, çəkilə çənim,
    Doğan günəş olub dönəsən, nənə.

    Baxır çərçivədən gözəl bənizin,
    Ruhum da, canım da, yenə sənlədir.
    Gözlərin əkizi mavi dənizin,
    Nəğməli dalğalar ürək inlədir.

    Xəyallar götürür məni birbaşa,
    Xar tutun altına, çay süfrəsinə.
    Baxıram pendirə, sacda lavaşa,
    Ocaqda qaynayan daş küftəsinə.

    Yüksəlir süfrədən qəhqəhə, gülüş,
    Əlvan xalı üstə halay vurulur.
    Yığışır qonşular dost, tanış-biliş,
    Gecə yarıyadək məclis qurulur.

    İndi qəlbimizə kədər əkilib,
    Quzey qarı kimi günəşə həsrət.
    Nağıl, bayatılar ərşə çəkilib,
    Qalmışıq sığala, gülüşə həsrət

    Hər gecə yuxuma girirsən mənim.
    Nə ola gerçəkdən gələsən, nənə.
    Durula göz yaşım, çəkilə çənim,
    Doğan günəş olub dönəsən, nənə.

  • Abdulla MƏMMƏD.”Üzünün suyundan gözüm su içmir”

    abdullamuellim

    Üzünü ağ etmir üzgörənliyin,
    Üzünün suyunu töküb gedirsən.
    İçindən bulanıb üzünün suyu,
    Suyunda lillənib çıxıb gedirsən.

    O qədər üz görüb üzün dünyada,
    Üzünün ağlığı üzdə qalmayıb.
    Üzünü çevirib üzlər üzündən,
    Üzünə üz tutan üz də qalmayıb.

    Üzünün suyundan gözüm su içmir,
    Üzündə bozarır saxta qürurun.
    Səndə bu üz ki var,çətin durula
    Üzündə,gözündə Məhəmməd(s.) nuru.

    Üzünə tutmağa ələk gəzirsən,
    Üzündə üz varmı ələk tutası?
    Hələ söz deməyə bir üzün də var-
    Üzünə çökdükcə içinin pası?!

    Çevirib astarın üzünə üzün,
    Üz varmı bir daha üzə çıxasan?
    Çətin ki qədərin bataqlığından,
    Nəfsinin üzündən üzə çıxasan.

    Azərbaycan.Quba.
    30.05.2000.

  • Abdulla MƏMMƏD.”Atamın əlinə baxıram,gülüm”

    abdullamuellim

    (“Tələbəlik illəri” silsiləsindən)

    Atamın əlinə baxıram,gülüm,
    Özüm qazanmıram çörəyi hələ.
    Dost-tanış yanında gödəkdir dilim,
    Rahat nəfəs almır ürəyim hələ.

    İyirmi yaşımı haqlasam belə,
    Əl tuta bilmirəm ata-anama.
    Bacara bilmirım ürəyim ilə,
    Hələ tələbəyəm məni qınama.

    Mən ki bir ocağı qoyub gəlmişəm,
    Orda məndən həsrət gizləyənlər var.
    Demirəm-obamdan doyub gəlmişəm,
    Yolumu ümidlə gözləyənlər var.

    Hələ ki sevinci qüssə dalayır,
    Hələ ki arzular çeşmə-çeşmədir.
    Arzuya yön olan yollar dolayı,
    Ümidlə yaşanan ömrüm çeşmədir.

    Hələ bu cahandan tələblərim çox-
    Hələ ev tikməli,ad almalıyam.
    Səndəsə gözləmək hövsələsi yox…
    Görünür mən sənə yad olmalıyam.

    Çəkmə imtahana baxışla məni,
    Qınama ürəkdən gələn sözümü.
    Bağışla gözəlim,bağışla məni,
    Hələ ki,gəzirəm özüm-özümü.

    Atamın əlinə baxıram,gülüm,
    Özüm qazanmıram çörəyi hələ.
    Dost-tanış yanında gödəkdir dilim,
    Rahat nəfəs almır ürəyim hələ.

    Azərbaycan.Bakı.1984

  • Mayisə ƏSƏDULLAQIZI.”Nə biləsən Sən…”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Ayrıldıq…Səninçün canım sıxıldı,
    Elə bil zirvədən yuvam yıxıldı.
    Səninlə bir şərik malımmı qaldı?!
    Bilmirəm, sehirsən, mehirsən, nəsən,

    Mənim çəkdiyimi nə biləsən sən…
    Ayrıldıq…Səmada bir şimşək kimi,
    Bənizim saraldı bir çiçək kimi,
    Ürək tənha qaldı boş pətək kimi,

    Güllər üstə qonan arımmı qaldı?
    Bilmirəm, sehirsən, mehirsən, nəsən,
    Mənim çəkdiyimi nə biləsən sən?!
    Yollar aramıza niyə sədd çəkib?!

    Vüsalın üstündən qoşa xətt çəkib,
    Kimlər mənim qədər belə dərd çəkib?!
    Bir daha sevməyə halımmı qaldı?!
    Bilmirəm, sehirsən, mehirsən, nəsən,
    Mənim çəkdiyimi nə biləsən sən,
    Mənim çəkdiyimi nə biləsən sən…

  • Mayisə ƏSƏDULLAQIZI.”Bəlkə elə…”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Səmanın dibsiz dərinliyi,
    Sənin ürəyinin dərinliyilə
    Eynidir.
    Bəzən orda itib-batanın,
    Daha, bu dünyaya dönüşü yox.
    Ürəyində ucalığa qalxanın,
    Bir daha enişi yox…
    Bəlkə sən elə,
    Bir qılmansan, xəbərim yox?!
    Sənsizlik, elə sənsizlikdi,
    Sükutdu, səssizlikdi,
    Yəni,çarəsizlikdi…

  • Mais TƏMKİN.”Səni kimdi saxlayan?”

    10646868_273655359498567_6620189188081019440_n

    Güləndamı Vəli saxlar,
    Gülbadamı Əli saxlar.
    Hərəni bir dəli saxlar,
    Bəs səni kimdi saxlayan?

    Xankişidən al pulunu,
    Boynuna sal öz qolunu.
    Sən də belə tut yolunu,
    De, səni kimdi saxlayan?

    Keçsə cənginə bir ,,qoyun”,
    Qur onunla min cür oyun.
    Qışda bürün , yayda soyun,
    De, səni kimdi saxlayan?

    Evliikən subay da gəz,
    Gündə gedib Dubayda gəz.
    Yerin dardı, get Ayda gəz,
    De, səni kimdi saxlayan?

    ,,Eşq”ini dildə söz elə,
    Ürəkləri köz-köz elə.
    Hər yetənə qaş-göz elə,
    De, səni kimdi saxlayan?

  • Mais TƏMKİN.”Deyiləsi dərd deyil…”

    10646868_273655359498567_6620189188081019440_n

    Soruşursan, ,,dərdin nədir, ay şair?”
    Vallah, dərdim deyiləsi dərd deyil.
    Deməyim hansını, deyim hansını?
    Vallah, dərdim deyiləsi dərd deyil!

    Xəyal edib düşünürəm bir anlıq,
    Kimdən qalıb hiylə, böhtan, nadanlıq?
    Görürəmsə yaxşılığa yamanlıq,
    Vallah, dərdim deyiləsi dərd deyil!

    Qan ağlayır, gildir-gildir hər didə,
    Haqsızlıqdır, yaxşıları şər didə.
    Mərdi qovan namərd edir mərdi də,
    Vallah, dərdim deyiləsi dərd deyil!

    İnsan oğlu bu həyatda düz gərək,
    Bir biçməkçün, əvvəl ölçə yüz gərək.*
    Dost sarıdan tapdanırsa duz-çörək,
    Vallah, dərdim deyiləsi dərd deyil!

    Heç bilmirəm, bu həyatda nə sirsə:
    Yıxır səni, kimin üstə əsirsən*.
    Əl tutduğun əllərini kəsirsə,
    Vallah, dərdim deyiləsi dərd deyil!

    Ən yaxının bilirsənsə sən, kimi:
    Artır sənə həm qəzəbi, həm kini.
    Gündən-günə dərdlər üzür Təmkini,
    Vallah, dərdim deyiləsi dərd deyil!

  • Müzəffər MƏZAHİM.”Mən ki, sənə deyəmmərəm”

    mm

    Tale yazdı bu sevgini baxtıma,
    Hansımızıq görən indi günahkar?
    Bu subaylıq, bi sultanlıq taxtıma,
    Öz əlimlə yağdı leysan günahlar.

    Gəncliyimi yaşadım mən səbrsiz,
    Ötəmmədim bu sevdadan xətərsiz,
    Ürəyimi oğurladın xəbərsiz,
    Özün söylə, məgər məndə günah var?

    Gözlərində sevinc dolu yaşam mən,
    Kiprik çalma, qorxuram ki, düşəm mən,
    Ürəyində yuva quran quşam mən,
    Yuva söküb gəl qazanma günah yar.

    Müzəffərin qəlbi dönməz sevgidən,
    Yaman saldı saçlarıma sevgi dən,
    Mən ki, sənə deyəmmərəm sevginən,-
    Məhəbbətsiz ötən ömür-gün ağlar.

    1981

  • Müzəffər MƏZAHİM.”Bu torpağın oğulları”

    mm

    Pozulubdur sığalları,
    Sevməz daha nağılları,
    Bu torpağın oğulları,
    Dözümə düşmən kəsilib.

    Basılıbdır sərhədlərim,
    Haya gedib igidlərim,
    Səbr verən öyüdlərim,
    Özümə düşmən kəsilib.

    Sevincim əsirmi qəmdə?
    Bu millət qalmaz ələmdə.
    Dərdimi yazmır qələm də,
    Sözümə düşmən kəsilib.

    Oyatmışam yaddaşı da,
    Yanır bağrımın başı da,
    Daha gözümün yaşı da,
    Gözümə düşmən kəsilib.

  • Mayisə ƏSƏDULLAQIZI.”Abşeron”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Qış nəfəsi itəndə,
    Bahar fəsli gələndə,
    Bülbül gülü sevəndə,
    Geyinirsən yaşıl don,
    Nazlı gözəl Abşeron!

    Bağların tamaşadı,
    Gözəllik baş-başadı,
    Torpağın al qumaşdı,
    Zəfəran ətirlisən,
    Xəzərin ürəyisən!

    Söylə bir tayın hanı?
    Şöhrətin yoxdu sanı,
    Ağ şanı, qara şanı,
    Azəri gözəlisən,
    Səttarın əsərisən!

    Neft qara gözlərindi,
    Cah-cəlal sözlərindi,
    Bu dövran bizlərindi,
    Sevgisən, təsəllisən,
    Vahidin qəzəlisən!

    Abşeronum canımsan,
    Damardaki qanımsan,
    Mənim son məkanımsan,
    Məmməd Əmin sözüsən,
    Kainatın özüsən!

  • Mayisə ƏSƏDULLAQIZI.”Qəhrəmanlıq dastanı”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Azərbaycanın Milli Qəhrəmanı və Çeçenistanın Milli Qəhrəmanı, əziz dostumuz, şərəfli vətənpərvər insan Arif Məhərrəmova həsr olunub

    Bərəkətli Vətənim düşübdü nahaq qana,
    Arif adlı qəhrəman ağlayır yana-yana.
    Allaha əl açaraq, üz tutub bu torpağa,
    İgidləri səslədi, dedi, qalxın ayağa!
    Dedi gəlin, birləşək, qurtaraq dərdi-qəmdən,
    Yapışaq Babəklərin, Koroğlunun əlindən!
    Dedi ki, igidlərim günbəgün artmaqdadır,
    Dığaların başını əzib, qopartmaqdadır.
    Həmişə dayanıbdı mərhəmət tərəfində,
    Arif bir dastan olub, insanlıq şərəfində!
    Döyüş xəritəsini Arif özü cızardı,
    Yağı-düşmən Arifə həmişə uduzardı…
    Həmişə təbliğ edir, insanlığa xidmət et,
    Uluların, insafın, ədalət yoluyla get!
    Vətənə Arif kimi aslan igid ər gərək,
    Vətən igidlərindən, birləşən bəşər gərək!
    Çətinlik, qorxu nədir, duymadı, bilmədi heç,
    Vətən, qəhrəman igid Arif kimiləri seç!
    Arif qəhrəmanımız Yurda, bizə gərəkdir,
    İnanırıq, bir səhər üzümüz güləcəkdir!!

  • Müzəffər MƏZAHİM.”Sazım mənim”

    mm

    Aşıq Ədalət saz çalırdı.

    Sədəfə tutdurram səni,
    Sinəmə yatdırram səni,
    Dil-dil oxutduram səni,
    Nəğmələnmiş arzum mənim,
    Qu boğazlı sazım mənim.

    Sən Məcnunun Leylasısan,
    Anamın ilk laylasısan,
    Öz ruhumun balasısan,
    Ömrüm, günüm, yazım mənim,
    Qu boğazlı sazım mənim.

    Sözümün ekiz tayısan,
    Qorqud babamın payısan,
    Əsrlərin harayısan,
    Dünyayla təmasım mənim,
    Qu boğazlı sazım mənim.

    Çaldıqca cövlan eylədin,
    Ötəni yoldan eylədin,
    Hər dərdi yalan eylədin,
    Çağlayan Arazım mənim,
    Qu boğazlı sazım mənim.

    Hər sahil bir üzəngidir,
    Bu vüsal yaman ləngidi,
    Sinəndən qalxan “Cəngi”dir,
    Öndədir Eyvazım mənim,
    Qu boğazlı sazım mənim.

    “Misri” dinəndə dinmisən,
    Köksüm üstə isinmisən,
    Canımmısan, gözümmüsən?
    A şirin avazım mənim,
    Qu boğazlı sazım mənim.

  • Müzəffər MƏZAHİM.”Məni”

    mm

    Daşıdığım ümid idi,
    Yolda qoydu bu yük məni.
    Böyük-böyük arzularım,
    Eləmədi böyük məni.

    Üz tutduğum ünvanlara,
    Baş vurduğum ümmanlara,
    Sığındığım gümanlara,
    Bəxt elədi dönük məni.

    Geydiyim inama yadam,
    Hər arzumu verdi bada.
    Çıxarıb tullayım oda,
    İsitmədi bu kürk məni.

    1988

  • Mais TƏMKİN.”Kimsə bizi görməyə”

    10646868_273655359498567_6620189188081019440_n

    Canın mənim canımda,
    Sevgin coşur qanımda.
    Rəvadırmı yanında,
    Öz yerimi boş qoyum?

    Az könlümü parala,
    Xoş günümü qarala.
    Nar sinəni arala,
    Arasına baş qoyum.

    Kimsə bizi görməyə,
    Sirrimizi örtməyə,
    Bir daş üstə hörməyə,
    Altda da bir daş qoyum.

  • Mais TƏMKİN.”Azərbaycan polisi”

    10646868_273655359498567_6620189188081019440_n

    Qeyrətli, vətənpərvər polis işçilərinə çoxdan yazdığım şeir..

    Qaranlıq gecələrdə
    İşıq saçar ay kimi.
    Millətimə, xalqıma
    Bəxş olunub pay kimi.
    Min həqiqət göyərdər,
    Hara dəysə nəfəsi…
    Azərbaycan polisi!

    Ulduzlar çiyni üstə,
    Ömrümüzə nur saçır.
    Sanki göydə günəşdir,
    İşığını gur saçır.
    Ədalətin haqq nuru,
    Qələbənin müjdəsi,-
    Azərbaycan polisi!

    Xeyrə bəraət verib,
    Şəri qamçılayıbdır.
    Əyrini əyri bilib,
    Düzü də düz sayıbdır.
    Ayırıbdır həmişə
    Çünki, yaxşıdan pisi-
    Azərbaycan polisi!

    Hər bir anı təhlükə,
    Hər anı əzab, çətin.
    Qara qüvvə- önündə
    Diz çöküb bu qüdrətin.
    Sanki dağlar başından
    Qovub dumanı, sisi,
    Azərbaycan polisi!

    Təhlükəyə atılır,
    Unudulur ev-eşik.
    Qar-yağışda, sazaqda
    Yollarda çəkir keşik.
    Əridir sal buzları,
    Hərarəti, nəfəsi,
    Azərbaycan polisi!

    Eşq olsun, bu millətin,
    İgid, ər övladına!
    Koroğlular nəslidir,
    Çün bələdik zatına!
    Bu yurdun, bu Vətənin,
    Yenilməyən dəlisi,
    Azərbaycan polisi!
    Azərbaycan polisi!!!
    1999-cu il

  • Mayisə ƏSƏDULLAQIZI.”Sevgi küləyi”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Uzun oldu bu gecə,
    Bu baharın,yazın oldu bu gecə…
    Qəlbimin həsrət
    Nöqtəsi kiçildi.
    Kədərin boyuna kəfən biçildi.
    Vüsal gülə-gülə yolumu kəsdi,
    Sevgi küləyi əsdi…
    Qəlbi həyəcanlı, sevən qadınların,
    Həsrətində, gah sığalın, gah tumarın…
    Bəlkə də, bu sözlərə gülürsən,
    Özünü bu söhbətdən kənar bilirsən…
    Bu sözləri anlayar,
    Hissləri ilə baş qatan,
    Axır murada çatan…
    Düşüb eşqin bəlasına,
    Uyub sevgi laylasına…
    … Qəlbimin həsrət
    Nöqtəsi kiçildi.
    Kədərin boyuna kəfən biçildi.
    Uzun oldu bu gecə,
    Bu baharın,yazın oldu bu gecə…

  • Mayisə ƏSƏDULLAQIZI.”Rəssam Səttar”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Qonşumuz olmuş, Xalq rəssamı, rəhmət-lik Səttar Bəhlulzadəyə ithaf edirəm…

    Yadımdadı, balaca bir qızcığazdım,
    qayğılardan uzaq idim,
    Həyatın sərt gərdişindən, dərd-qəmindən
    iraq idim,
    Oyanardım məhlədəki qoşa minarə məscidin
    hər səhər azan səsinə,
    Rəhmətlik İbad babamı da görərdim namaz
    üstədi,
    Üz tutub Haqq qibləsinə…
    Dan yeri də ağarardı yavaş-yavaş,
    O vaxt qorxardım gecədən,
    Artıq yox olubdu təlaş…
    Oyanardım günəş işiq saçan kimi,
    Sevinərdim, tumurcuqlar açan kimi.
    Çünki indi məktəbə yollanacaqdıq,
    Sevimli Əlifbamızı hərfbəhərf, səbrlə
    oxuyacaqdıq…
    Görəcəydik biz qonşu Səttar əmini,
    Rəssam da bizi görən tək atacaqdı
    dərd-qəmini…
    Deyərdi ki, balalarım, kim əgər “beş”
    qiymət alsa,
    onun rəsmini çəkəcəm,
    Dünyanın rəng butasından ona çələnglər
    hörəcəm!
    Yığışardıq vaxt olanda Səttar əminin başına,
    Hərdən təəccüb edərdik, uzun-uzun saçlarına,
    Heyrət ilə biz baxardıq, rəssamın o fırça tutan
    təkrarsız barmaqlarına!
    Hərdən isə nə danışar, nə dinərdi,
    Əlin çənəsinə qoyub, gözlərini qeybə dikib,
    saatlarla düşünərdi…
    Xəyalən dünyanı Səttar sehrli rəng butasında
    parlaq mayaktək görərdi!
    Sadə idi, heç sevməzdi şan-şöhrəti,
    Rənglər dünyasıydı varı-dövləti…

  • Müzəffər MƏZAHİM.”Nurdur bu adam”

    mm

    Əziz dostum, qardaşım Cemil Dadasov müəllim, doğum günün münasibəti ilə səni ürəkdən təbrik edir, uzun ömür, can sağlığı, ailə səadəti, xoşbəxtlik və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
    Allah səni sevdiklərinə çox görməsin.

    Dostum, tanınmış jurnalist, “Ədalət və Həqiqət” qəzetinin
    təsisçisi və baş redaktoru Cəmil Zəbulla oğlu Dadaşova ithaf
    edirəm.

    Saflıq, təmizlikdir həyat meyarı,
    Ömrünü bu yolda yordu bu adam.
    İnsanlıq, insafdır ölçü əyarı,
    Bunu əməlində qurdu bu adam.

    Doludur sevgiylə könül aləmi,
    Duyğusal qəlbinin titrəyər simi…
    Qayğıkeş, vəfalı bir övlad kimi,
    Sevdi Vətənini, yurdu bu adam.

    Bütün inamıyla, ədalətiylə,
    Andı, amanıyla, həqiqətiylə,
    Qəlbində yurd salan məhəbbətiylə,
    Haqqın keşiyində durdu bu adam.

    Gülüşü, baxışı, üzü işıqlı,
    Fikri, düşüncəsi, sözü işıqlı,
    Təpədən dırnağa özü işıqlı,
    Səməndər quşutək nurdu bu adam.

  • Müzəffər MƏZAHİM.”Gecikdim”

    mm

    Arzu göyərtməyə gəldim həyata,
    Qəlbim günəş oldu, iradəm alov,
    Sevincə bərabər nə var dünyada,
    Qəmdən betər olur gec gələndə o.

    Neçə yol boylandım yaz səhərinə,
    Bəxtimə düşəcək günü gözlədim.
    Döndərdim könlümü əkin yerinə,
    Bir ovuc ümiddən zəmi gözlədim.

    Gözləyə-gözləyə xərclədim ömrü,
    Səbrimin səddini aşa bilmədim.
    Kəsdi yollarımı taleyin əmri,
    Fürsət nə vaxt döndü quşa bilmədim.

    Nə qədər ayrıclar var imiş öndə,
    Yolumu tapınca gəncliyim itdi.
    Arzular məqsədə, kama dönəndə,
    Mənim içimdəki məni əritdi.

    Çəkdim qayğısını hər gələn günün,
    Ötən illərimə yana bilmədim.
    Bircə istəyimə yetmədi ünüm,-
    Taleyin hökmünü dana bilmədim.

    Gecikdim neçə yol görüş yerinə,
    O qız məndən küsdü, mən taleyimdən.
    Tələsdim bağların bar-bəhərinə,
    Özüm də usandım öz gileyimdən.

    “Hər şeyin vədəsi”-atalar demiş,
    Mövsümlər sovuşub, bu bar yetişməz.
    Ümid toxumları bəlkə puç imiş?
    Təsəlli tapmağa nübar yetişməz.

    Gözlədim ömrümün həsrət payını,
    Çoxu istəmədim, aza gecikdim.
    Özüm də duymadım könül duyanı,
    Hər fəslə yetişdim, yaza gecikdim.

    Arzu göyərtməyə gəldim həyata,
    Qəlbim günəş oldu, iradəm alov,
    Sevincə bərabər nə var dünyada,
    Qəmdən betər olur gec gələndə o.

  • Gənclər mükafatçısı Gülnar Səmanın şeiri “Usare” dərgisində çap olunub

    usare8

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin inkişafına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunun doktorantı, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Gülnar Səmanın “Gözəllik” şeiri Azərbaycan türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Usare” iki aylık kültür edebiyat sanat dergisinin 8 sayısında çap olunub.
    Qeyd edək ki, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Gənclər mükafatçısı, gənc xanım yazar Gülnar Səmanın şeirləri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat və Çukurova şəhərlərində fəaliyyət göstərən “Kümbet” və “Güzlek” dərgilərinin yeni sayları üçün də göndərilib.
    QEYD: Şairə-publisist, gənc xanım yazar Gülnar Səmanın şeiri
    “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin-Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • Kənan AYDINOĞLU.”Ələsgər yurdunda dinən nəğmələr”

    Photo Kenan

    Ələsgər yurdunda dinən nəğmələr,
    Yenə gözəllərin dodağındadı.
    Gözündəb süzülən ayırlıq özü,
    Dumduru bir nəmli yanağındadı.

    Baharı izləyib, yaznı çəkmək,
    Qələmlə qaşını, sazını çəkmək,
    İşvə gözəllərin nazını çəkmək,
    Əzəldən bu yurdun ocağındadı.

    Saz kimi göynəyib, ney tək inləmək,
    Axan bulaqların səsin dinləmək,
    Dost olan Allahı haqqa ünləmək,
    Min şeir mülkünün qucağındadı.

    Günəşin doğmağı, ayıb batmağı,
    Aşiqin vüsala yenə çatmağı,
    Şirədən kəlməyə bir bal qatmağı,
    Sahilə uzanan budağındadı.

    Yanaqdan süzülən göz yaşı olmaq,
    Elatın cığırı, dağ, daşı olmaq,
    Dərdlərin çatılan yüz qaşı olmaq,
    ələsgər yurdunun torpağındadı.

  • Kənan AYDINOĞLU.”Keçilməz sədləri yarıb, gəlmişəm”

    Photo Kenan

    Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

    Allaha sığınıb, həyatı boyu,
    Keçilməz sədləri yarıb, gəlmişəm.
    Ustadım Yunus tək illər uzunu,
    Bu qərib dünyanı yorub, gəlmişəm

    Gözümü açandan “Quran”ı gördüm,
    Bir vaxtlar Muğanı, Aranı gördüm,
    Türkün diyarında TURANI gördüm,
    Dostların halını sorub, gəlmişəm

    Kədərlə üz-üzə qalmışam mən də,
    Allahı yadıma salmışam mən də,
    İlhamım Məkkədən almışam mən də,
    Uzaq bir səfərdən durub, gəlmişəm

    Çox gördüm “dostların” gerçək üzünü,
    Öyrəşdim deməyə sözün düzünü.
    Ayırdım dostların əlli, yüzünü,
    Sevgi sarayımı qurub, gəlmişəm

    Keçməsin, illərim Yurddan güzarda,
    Son günüm qalacaq mənim məzarda,
    Şəhriyar Ustadım, Ulu diyarda,
    Sevib, bəndələri gülüb, gəlmişəm.

  • Abdulla MƏMMƏD.”Bu dünya qədərdir qədərinəcən”

    abdullamuellim

    Məni sarsıtsan da sınan deyiləm,
    Hələ sınmaq deyil qarılmağım da.
    Yapış əllərimdən saman deyiləm,
    Gözlərin qorxmaın qırılmagımdan.

    Külümü sovurma, qorum alışar,
    Qoruna bilməzsən qorun əlindən.
    Qaçmasam ağ olar-gorum alışar
    Eybinə kor olan korun əlindən.

    Bu dünya qədərdir qədərinəcən,
    Hər kədər qədərlə yoğrulan dərddir.
    Mənə qəm yedirmə yetərinəcən,
    Onsuz da yerimə doğulan dərddir.

    Buraxıb ağlımı başlı başına
    Gözünün yaşıyla bulanan çayam.
    Oxu daşa dəyib-daşdan yaşınan
    Əsəbi tarıma çəkilən yayam.

    Mən ki sən deyiləm-yayı gizləyim,
    Bu oxun yiyəsi özüməm, canım.
    Üzündən keçmədim həya gözləyib,
    Özümə toy tutdu, özümə canım.

    Qəlbimdən keçənlər gözümdən bəlli,
    Qəlbimə girənlər bağrımı dəlir.
    Mən kiməm nəçiyəm-sözümdən bəlli,
    Sənin kimliyini bir ALLAH bilir.

    Gözünün kökünü saraldar bir gün,
    Gözunun rənginə çalar baxtın da.
    Nə qədər düşməyib ümüdün ölgün,
    Özünü dərk elə bir yol vaxtında.

    Azərbaycan.Quba.

  • Abdulla MƏMMƏD.”İnana bilmirəm”

    abdullamuellim

    Sən bir uşaqsanmiş mən bir oyuncaq
    Sən demə sevgimiz əyləncə imiş.
    O ara verməyən gizli görüşlər
    Günlərdən asilmiş yelləncək imiş.

    Gözümü bağladin göz görə görə,
    Özümə gəlməmiş özündən getdin.
    Söz verib and içib peyman bağladiq,
    Gözümü açinca sözündən getdin.

    De, necə unudum sənsizliyimi,
    Yoxsa sənin kimi itirib gedim
    Dünən gözlərimdə gülən sevgimi
    Bənövşə ömrü tək bitirim gedim?!

    Qapayib gözümü məhbbətinin
    Köksündə dəfn etdin öz əllərinlə.
    Qəlbimdən düşmədin son yarpaq kimi-
    Gözümdən düşsən də əməllərinlə.

    Taleyin ömür-gün yelləncəyində
    Oxu daşa dəyən sənli kədərəm.
    Gözləri nəmlənən qara buludlu,
    Çiskinli, çisənli, çənli, səhərəm.

    Yaşayir qəlbimdə sənli günlərim
    Sevdali günlərin timsali kimi
    Çilğin çağlarimdan yarimçiq qalan
    Gəncliuin mürəkkəb misali kimi.

    İnana bilmirəm yoxluğuna da,
    İnana bilmirəm yadsan özgəsən.
    sevda qatarindan duşən sərnişin,
    Tale yollarinda dar bir döngəsən…

    Azərbaycan.Quba.1986

  • Rahilə DÖVRAN.”Hardasan?”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Könül dəftərim” – silsiləsindən

    Əl çatmayan,ün yetməyən uşaqlığım,
    Xəyalımı tərk etməyən uçaqlığım.
    Yaddaşımdan heç itməyən uşaqlığım-
    Hardasan?

    Köhnə kəndin,köhnə dəbli məktəblisi,
    Həm çalışqan,həm əsəbli məktəblisi.
    Məktəbinin ən ədəbli məktəblisi-
    Hardasan?

    Hərarətsiz,soyuq,sönük cavanlığım,
    Özü sısqa,dərdi böyük cavanlığım,
    Etibarsız,üzü dönük,cavanlığım-
    Hardasan?

    İlk baharım,güllü yazım,arzularım,
    Taleh,qismət,alın yazım,arzularım.
    İgid oğlum,gəlin qızım,arzularım-
    Hardasan?

    Hey çağlayan,tükənməyən ümidlərim,
    Sevdasından heç dönməyən ümidlərim-
    Ulduzlartək , heç sönməyən ümidlərim
    Hardasan?…

  • Rahilə DÖVRAN.”Seyri-Səfa”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Gəlsə də yay fəsli,yaylaqda yazdır,
    Heç solmaz dağların gülü,çiçəyi.
    Zirvə yay tanımır,hey qarı vardır,
    Qırov bağlayıbdır dağın birçəyi.

    Rayihə bürüyüb yalı,çəməni,
    Şəfalı bitkilər ürkəkcə baxir.
    Yamaclar yamyaşıl,sanki səməni,
    Qar suyu dərədə şur ilə axır.

    Baldırqan,gicitkən,qaraqınığa,
    Lilpar qantəpərə qaş-göz eyləyir.
    Süsən,solmazgülü yanaq-yqnağa,
    Həmərsün səhləbə nəğmə söyləyir.

    Əsgərtək düzülüb çobanyastığı,
    Seyrana çıxıbdır boymadərənlər.
    Yemşanın təzəcə “tərləyir bığı”,
    Quşburnu,kəkotu,-olğun ərənlər.

    Güc alıb çisəkdən,çəndən,dumandan,
    Ələyəz,əvəlik şux,dilim-dilim.
    Təkqıçlı göbələk boylanır qından,
    Boyunu göstərir şomu,cincilim.

    Yarpız,nanə,çaşır,quzuqulağı,
    Şövq ilə sarmaşıb,girib qol-qola.
    Dövrəyə alaraq nazlı bulağı,
    Gizlicə,həsrətlə baxırlar yola.

    Buz kimi havası,ətirli mehi,
    Sanki bir behiştdir bulud kölgəsi.
    Məst edir ruhları ot,çəmən şehi,
    Dövran,bir cənnətdir Odlar ölkəsi.

  • Aydan ABDULLAYEVA.Yeni şeirlər

    13705205_578501418989939_422069793_n

    “Ağlama…”

    Dənizlərdə ötən qəhər
    Ümidləri söndürməsə…
    Buludlanan xatirələr
    Yağışları öldürməsə…
    Ağlama…

    Siqar-siqar güllələnib
    Sevdalanıb küllənməsən…
    Məhzun gözlər xəyallarda
    Yel-yel olub yellənməsə…
    Ağlama…

    Gözəl göydə bir arzuluq
    Ulduzuna axmasalar…
    Saçlarında səhra qumu,
    Qucağında haqqın qulu
    Olmasa… bax,
    Ağlama…

    “Gecəyə bir əlçim şeir…”

    Həsrəti başıma çəkəcəm…
    Yudum yudum yox olacam…
    Göz yaşıma “yel bükəcəm”
    Yağmurlara qovuşunca…

    Yenə quru səhralarda
    Qərib namə itəcəksə…
    Mənim səfil axşamımda,
    Dua etsəm gələcəksən?…

    Daxmalara yaş damacaq..
    Durnaları qucanda ah…
    Qürubda gün boğulacaq…
    “Göy edəcək gözəl günah…”

  • Aydan ABDULLAYEVA.Yeni şeirlər

    13705205_578501418989939_422069793_n

    Oxunmayacaq şeirim….

    Ana… Bağışla atamı…
    Onda mən də bir belə oxşamaram payıza…
    Ana… Bağışla atamı…
    “Bizə pislik edənə ən böyük qisas bağışlamaqdısa…,,

    Ana… Bağışla atamı…
    Mən hələ yoxluğa təslim etməmişəm onu…
    Qorxuram çöl adamı kimi kimsəsiz, səssiz və… bizsiz olacaq sonu…

    Ana… Bağışla atamı…
    Səni and verirəm o payız toyunuza…
    Səni and verirəm bu payız qızınıza…
    Birdə… Sənə məni yetirən o nağıl sevdanıza…

    Ana… Bağışla atamı…
    Yaranı saran o yaranı açandı elə..
    Gəl, incikliyi buza yazıb günəşin altına qoyaq,
    Bəlkə əriyə…

    Ana… Bağışla atamı…
    Bütün dağnıqlıqların qurbanı uşaqlardısa,
    “Ürəyin yıxılıb qanamağı” bütün ağrılardan ağır olursa…,,

    Ana… Bağışla atamı…
    Mən… Mən Tanrının qızıyam!
    Bax, Tanrı bağışladı…
    Sən də… Sən də bağışla…
    “…Bir daha yalvarımmı?…,,

    “Bulanarsan saflığa…,,

    Gecəni gözlərimdən
    Silə bilmir anam da…
    Tanrı eşitmir məni…
    Unudub qaranlıqda…

    Kiminsə gözlərində
    Ağaracaq dan yeri…
    Görünür dözməliyəm…
    Udub “utancaq qəhəri…,,

    Hönkürsəm gözlərinə…
    “Bulanarsan saflığa…”
    Yox, küsmə kədərinə…
    “Onu qoru…,, yalvarıram…,,

  • Müzəffər MƏZAHİM.”Ayla qoşa gəl”

    mm

    Könlümü titrədən həsrət yelidir,
    Görüş yerindəyəm, gələcəkmisən?
    Gecənin yuxusu səksəkəlidir,
    Qəlbimin nigaran döyüntüsündən.

    Ümidim göylərdən asılı qalıb,-
    Demişdin: Gələcəm ay doğan kimi.
    Bu salxım söyüd də küsülü qalıb,
    Darıxır mən sənsiz darıxan kimi.

    Söykənib könlümün kövrəkliyinə,
    Məcnun bülbüllərin açılıb dərdi.
    Həyandır gecənin bu təkliyinə,
    Bülbülün naləsi, mənim həsrətim.

    Ulduzlar min illik karvan yoludur,
    Bəlkə də min ildir gətirir səni.
    Yarıb neçə-neçə qara bukudu,
    Ay gəlib görüşə ötürür səni.

    İndicə gələrsən, gözləyirəm mən,
    Kainat boydadır sinəmdə ürək.
    Gəl, ayla qoşa gəl, günəşlə gedək,
    Bu bülbül naləli tənha gecədən.

  • Müzəffər MƏZAHİM.”Torpaq”

    mm

    Zəhmət kitabıdır, qeyrət dastanı,
    Oxu, varaq-varaq çevir torpağı.
    Onun tək insana yaxın dost hanı?
    Aqillər binadan sevir torpağı.

    Odur bu dünyanın doğum sənədi,
    İlk zəfər nəğməsi ona deyilib.
    Nəsillərə keçən bir dəfinədir,
    Əzəldən torpağa Ana deyilib.

    Atamın ovcuna bənzəyir bir az,
    Ətrindən, dadından, səxavətindən.
    Əkib becərməsən bir dən də qıymaz,
    Zəhmət ətri gələr bərəkətindən.

    Dilini öyrəndik danışdı bizə,
    Ötən əsirlərin hekayətini.
    Hər izi doğmadır, tanışdır bizə,
    Saxlayar tarixin əmanətini.

    Torpağın bətnindən Vətən doğulub,
    Dönüb zaman-zaman el nəğməsinə.
    Torpaq Vətən olub, torpaq yurd olub,
    Dönübdür xalqımın salnaməsinə.

    Heç vaxt itirmədi bütövlüyünü,
    Bölsək də biz onu həyətbə-həyət.
    Torpağa tapşırıb taleyimizi,
    Bizə həyat verən ana təbiət.

  • Əziz MUSA.”Olmaz”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Altmışında eşqə düşən,
    Nə bilər ki, nədi gülşən,
    Dibi paxır qabda bişən,
    Yeməkləri yemək olmaz.

    Söz adamı tutmayanda,
    Söz ürəyə yatmayanda,
    Söz adama çatmayanda,
    Şeiri, sözü öymək olmaz,

    Bir misra da bir əsərdi,
    Acı bir söz dərddi, sərdi,
    Söz var iti bir kəsərdi,
    Söz var onu əymək olmaz.

    Yaman çoxalıbdı aşıq,
    Çömçəni bəyənmir qaşıq,
    Fikir əyri, söz dolaşıq,
    Tay heç kimi söymək olmaz.

    Hörmət qoyaq ozanlara,
    Rəhmət düşmür pozanlara,
    Mənasız söz yazanlara,
    Vallah şair demək olmaz.

  • Əziz MUSA.”Bir kənd vardı”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bir kənd vardı o dağlarda,
    İndi əlim yetmir ona.
    Bülbüllər susub bağlarda,
    Qalıb boylana-boylana.

    Uçub perikib quşları,
    Qapılar adam gözləyir,
    Göyərib qara daşları,
    Cığırlar addım gözləyir.

    Əyilib qəbir daşları,
    Möhtacdı ilahi səsə.
    Axan sular göz yaşları,
    Həsrətdi doğma nəfəsə.

    Kaş qoynuna gələ biləm,
    Bir yaşıl yarpağın olam,
    O yerdə yaşayam, öləm,
    Bir ovuc torpağın olam.

    Neyləyim gələ bilmirəm,
    Ovudurlar sözlə məni.
    Qürbətdə ölə bilmirəm,
    Doğma kəndim gözlə məni.

  • Gülnar MAHMUD.”Çirkli qablar” (Hekayə)

    13884516_10209691884401300_1187644379_n

    Bu ailədə süfrə arxasına hamı bir oturub, bir qalxardılar. Saleh də işdən həmişə yeməyə vaxtında gələrdi. Hərdən gecikmələr olurdu. Lakin yenə də oturub gözləyərdilər. Ara-sıra işdən sonra dostlariyla birlikdə olardı.
    – Bu gədə harda qaldı görəsən? Belə gec gəlməyindən bilinir ki, işi çox olub – deyərək Gövhər xala narahatlıqla divardakı saata baxdı. Qızı birdən diksinərək bayaqdan gözünü dikdiyi əlindəki telefonu sanki arxasında gizlədəcəkmiş kimi kənara qoyub cəld dilləndi:
    – Yox, ay ana! Saleh bayaq zəng eləmişdi. Dedi ki, işdən çıxıb Bəhruzgilə gedəcəm. Yeməyə məni gözləməyin.
    – Deyirəm axı, bu uşaq niyə belə gecikir? Yenə getdi avaralanmağa – deyə Gövhər xala işləməkdən kobudlaşmış əllərini dizlərinə dirəyib kök bədənini ağır hərəkətlə ayağa qaldırdı. Mətbəxə doğru addımlamaq istəyərkən ayaq saxlayıb geri boylandı:
    – Sən də az o telefonla oyna. At bir kənara, gəl süfrəni düzəlt! Atan da acdır – deyə qızını tənbeh etdi və dilinin altında: “Səsimi çıxartmasam elə ac-susuz oturarlar” – deyinərək mətbəxə girdi. Bayaqkı sükutu pozan qab-qacaq səslərindən bir neçə dəqiqə sonra hər kəs artıq süfrə arxasında oturmuşdu.
    Yeməklərini bitirib bəlkə gələcək deyə, Salehi bir az da gözlədilər.
    – Taleh, yedin-içdin, bala? İndi də qalx, get otağına dərslərinlə məşğul ol! – deyə Gövhər xala sonbeşik oğlunu otağına yolladı. Nəhayət, hövsələsi daralan Gövhər xala çətinliklə ayağa qalxaraq qızına dedi:
    – Dur, qızım, dur, qabları yu, mətbəxi səliqəyə sal, sonra yat. Bax, səhərə qab saxlama ha.
    ” Heç özümə oxşamadı da bu qız” – deyə anası deyinərək divanda oturub toxuduğu corabın millərini əlinə aldı.
    Sənubər telefonunu cibinə qoyub qulaqcığını qulağına taxaraq ayağa qalxdı. Süfrədəki qabları iç-içə yığıb mətbəxə daşıdı. Süfrə arxasından yenicə qalxaraq yeməkdən təngnəfəs olmuş Əlövsət kişi də televizorun pultunu əlinə götürüb:
    – Xəbərlərin vaxtıdır – deyərək bir addımlığında olan kresloya yayxanaraq pultun düyməsini basdı.
    Bir neçə saat keçdikdən sonra Gövhər xala ayağa qalxıb mətbəxə keçdi. Sənubəri telefon qulağında söhbət etdiyini və hələ də qabların yuyulmamış stolun üstündə qaldığını görüb:
    – Ay qız, sən bayaqdan burda neynirsən? Bu qablar ortalıqda hələ çox qalacaq – deyərək danladı.
    – Ay maa, indi yuyacam daa. Rəfiqəm söz soruşurdu – deyib tez əlindəki telefonu kənara qoyaraq qabları yumağa başladı.
    Gec olduğundan artıq hamını yuxu basırdı. Səhər işə gedəcəkdi deyə hər kəs əsnəyərək öz otağına dağılışdılar. Mətbəxdə isə qabların səsi gəlirdi.
    * * *
    Gecədən xeyli keçmiş çöl qapısı yavaşca açıldı. Saleh səs eləməməyə çalışaraq ehtiyatla ayagını içəri atdı. Sakitcə əynini soyunub, ayaqqabılarını çıxartdı. Tələsik özünü mətbəxə salmağından ac olduğu aydın idi. Qaranlıqda əlini divara sürtüb mətbəxin işığını yandırmağa çalışdı. Kuçədəki yol kənarı fənərlərin işığı mətbəxi azca işıqlandırırdı deyə yandırmağa ehtiyac duymadı. Əllərini yuyub qazana əlini uzatdı. Hələ də isti idi. Sevindi: “Eləcə çörəyini doğra ye” – deyə sevinərək öz-özünə pıçıldadı. Demək isitməyə vaxt getməyəcəkdi. Bir qaşıq götürüb yeməyin dadına baxdı. Dilinin altında deyindi: “Elə bil bir balaca şit çıxıb”. Çox ac olduğundan qazanı qabağına çəkdi. İçinə bir az duz töküb, çörək doğradı. Bəh-bəhlə yeməyə başladı. Çörək doğramağına baxmayaraq hərdən bir az qırıb yeməyin kənarlarındakı yağa batıraraq ləzzətlə yedi. “Hmm… Bu başqa məsələ. Bir az dada gəldi.” – deyib yeməyə davam etdi. Yemək deyəsən çox bişmişdi. İçindəki tikəsindən məlum idi. Tikəni axıra saxlamaq bir növ adəti idi. Özü də axıra qaldığından çıntır tikə saxlamışdılar. Əlini tikəyə atdı. Elə bu vaxt yataq otağının qapısının səsi gəldi. Kimsə ya qazanın taqqıltısının səsinə durmuşdu, ya da ayaqyoluna tələsirdi. Dəhlizdə ayaq səsləri eşidildi. O “çıntırın” bir tərəfini dişləri ilə o biri tərəfini əli ilə tutub dartdı. Elə dartdığı anda tikənin cırıldamağı ilə mətbəxin qapısının açılırkən cırıltısı üst-üstə düşdü. Bacısı qapını aralayıb yarıyuxulu halda gözünü qıyaraq azca işıq düşən alaqaranlıq mətbəxə göz gəzdirdi. Qardaşını görüncə:
    – Niyə belə gec gəlmisən? Bu nə vaxtın gəlməyidir? – deyə soruşdu.
    Saleh əsəbi halda bacısına tərəf döndü:
    – Sən hələ de görüm bu yeməyi kim bişirib? Nə duzu var, nə dadı. Axşamdan səhərə qədər öküz kimi işləyirəm. Qazandığım bu evə gedir. Bişirdiyiniz yeməyə bax. Mənə saxladığınız da bu çıntır – deyib əlindəki “çıntırı” helikopterin pərləri kimi havada fırlatdı və soruşdu: – Bu əti kim alıb? Bunun bir tərəfindən tutub dartsan dəhlizin o başına kimi uzanar.”
    Bacısı bir onun əlində tutduğuna, bir də qabağındakı qazana baxıb özünü itirdi:
    – Bu ki… – nə isə demək istəyirdi ki, iş-işdən keçib deyə qorxudan səsini çıxartmadı. Elə bu an anasının ona dəfələrlə dediyi sözlər yadına düşdü: “Bu gün, sabah birinin evinə gəlin gedəcəksən, elə bilirsən ki, heç qazan yumayacaqsan? Yoxsa qabları yuyub, qazana su töküb saxlayacaqsan ki, yenə gəlim mən yuyum? Yu, öyrən də.”
    Elə bu dəm Salehin səsi onu fikirdən ayıltdı:
    – Sualıma niyə cavab vermirsən? Bu nə tikədir saxlamısız?
    – O? – deyə Sənubər həyəcanlı halda soyuducuya yaxınlaşıb balaca qazançanı çıxartdı – Sənin yeməyin budur.
    – Başa düşmədim. Bəs bu nədir? – deyib əlindəkini bir daha havada yellədi.
    – O… O əlindəki? “Kalqotkadır”. Onunla qab-qacağı yumaq daha rahatdır. Neyniyime…süngər xarab olmuşdu. Mən də atdım – bacısı danışdıqca Salehin gözləri hədəqəsindən çıxırdı. Bir əlində tutduğu neylon coraba, bir də qarşısındakı qazanın içinə baxıb öyüdü və sifətini turşudaraq dedi:
    – Dayan, dayan. Belə çıxır ki, mən bayaqdan yediyim yaxantıdır? Vəziyyətin gərginləşdiyini görən Sənubər:
    – Bilirsən, məncə sən evə vaxtında gəlsən yaxşıdır – deyib günahkar kimi boynunu bükərək divara qısıldı.

  • Gülnarə MAHMUD.”Ağbutalı səma” (Hekayə)

    13884516_10209691884401300_1187644379_n

    Ülkərin bir xəstə üçün nəziri var idi. Xəstədən ümidverici xəbər eşitdiyindən bu dəfə nəzirini gecikdirmək istəmirdi. İşə gedəndə yolüstü verəcəkdi. İşi İçərişəhərdə, lakin nəzirinin ünvanı Təzə Pir məscidi olduğun dan ayrı-ayrı səmtlərdə yerləşirdi. İşəgecikməsin deyə hər dəfə təxirə salır, bu da nəzirini gecikdirməsinə səbəb olurdu.
    Bu gün səhər işə tez getməli idi. Necə deyərlər, cox vaxt işə gecikmişdi. Mərkəzi Univermağın qabağı ilə İçərişəhər tərəfə getmək istəyirdi ki, bir qadın səsi eşitdi:
    – Bala, Təzə Pir məscidi hansı tərəfdə yerləşir?
    Dönüb baxdı. Əks tərəfi göstərib:
    – Xala, oraburdanbirazuzaqdır. Düzyuxarıqalxın, sonraordabirindənsoruşarsız – dedi.
    – Qızim buraları yaxşı tanımıram. Birdən tapmaram. Bəlkə məni ora götürəsən?– deyə qadın and-aman elədi.
    İşə gecikdiyindən çıxılmaz vəziyyətdəidi. Nə edəcəyini bilmədi. Qadının üzünə baxdı. Nurlu siması vardı. Ona anasını xatırlatdı. On il olardıki, onu itirmişdi. Lap kövrəldi. Əynində ağ butaları olan mavi paltarı, başında ağ ipək kəlağayısı və ağ saçları anaya məsum gözəllik verirdi. İşə gecikməyinə baxmayaraq qadının mələk görünüşü onu sanki ovsunlamışdı. Ülkər üçün ayağındakı hündürdaban ayaqqabılarla məscidə gedən bu əyri köndələn yolları üzü yuxarı qalxmaq çox narahat idi. Ələlxüsus da, gecikəndə. Büdrəməsin deyə ayağının altına baxaraq qadınla yanbayan aramla addımlayırdı. Yolboyu bir az şəhərin dəyişməsindən, bir də yeni tikililərin tikilməsindən danışdıqca vaxt azaldı, yol qısaldı, mənzil başına gəlib çatdılar. Məscidin həyətində iman sahiblərinin mərhəmətinə ümid bəsləyən bir neçə dilənçi oturmuşdu. Ülkər nəzirini qutuya atmağı düşünmüşdü. Bu imkansız insanların ehtiyacı qızın diqqətini çəkdi. Elə bu zaman ananın səsi onu fikrindən yayındırdı:
    – Allah köməyin olsun, qızım. Səni də işindən elədim. Tək gəlsəydim bu yollarda azıb qalardım – deyə üzünə gülümsəyib məscidin qapısına yaxınlaşdi.
    – Narahat olma, xala. Mənim də nəzirim var.
    – Allah nəzirimizi qəbul eləsin, bala – deyib ana içəri keçdi. Ülkər də:
    – Amin! – deyib özündən asılı olmayaraq onun dalınca məscidin qadınlar üçün ayrılmış hissəsinə keçdi. Məscidə hər dəfə kənardan baxmışdı. İlk dəfə idi ki, içini görürdü. İçəridə kimisi namaz qılmağa hazırlaşır, kimisi də namazın vaxtını gözləyərək divar boyu yerdən düzülmüş döçəkçələrdə oturub qurandan surələr və ayələr oxuyurdular. Hicablı qadınlardan biri onlara salam verib içəri keçməyi buyurdu. Ülkər asılqandan yaylıq götürüb başını örtdü.
    Bir müddət qapının agzında dayanıb bu sükutla dolu sehirli məkana tamaşa etməkdən doymadı. Döşəməyə düzülmüş gözoxşayan xalçalardan böyük səbrlə naxışlanmış divar və tavanına kimi hər yer valehedici idi. Artıq namaz vaxtı idi. O, namaz qılmağı bilməsə də içəri keçdi. İçindən namazlığın üzərində dayanıb onların etdiyi hərəkətləri təkrarlamaq gəldi. Namazını bitirib ətrafdakılar kimi səcdəyə oturdu. Allahına şükür və dualarını edirdi ki, qəflətən telefonuna gələn zəng işə gecikməyini xatırladıb onu düşdüyü sehirli aləmdən ayıltdı. Cəld ayağa qalxdı. Ana hələ də namazdan sonra səcdəyə oturub Quran oxuyurdu. Ülkərin getmək istədiyini görüb üzünə gülümsədi. O da mane olmadan başı ilə “sag ol” deyib asılqandan yaylığını asdı. Nədənsə Ülkərə doğma gələn bu insanı daha görməyəcək deyə dönüb bir də onun gülümsəyən simasına baxmaq və onun sayəsində bura gəldiyi üçün təşəkkür eləmək istədi. Axı onun gecikən nəziri var idi. Ülkər donub qaldı. O yerində yox idi. Sanki heç olmamışdı. Onun oturduğu namazlığın üzərində oxuduğu Quran qalmışdı. Ülkər bayaq onları içəri dəvət edən qadına yaxınlaşıb soruşdu:
    – Burda əyləşən qadının hara getdiyini görmədiniz?
    – Xeyir, görməmişəm.
    – Ağ kəlağayılı, açıq mavi geyimli yaşlı bir qadın idi. Birlikdə gəlmişdik. Siz də içəri dəvət etmişdiniz.
    – Qızım axı sən tək gəlmişdin. Bir də mən bayaqdan burdayam. Elə bir geyimdə qadın görməmişəm.
    Elə bil yuxu görürdü. Mələk kimi geyimi ilə onu görməmək mümkün deyildi. Ülkər pilləkənlərlə həyətə düşdü. Ətrafa göz gəzdirdi. Onu görmədi. Tələsik küçəyə çıxıb dilənçilərdən birinə nəzirini verdi. Artıq cüt gəldiyi yolu tək qayıdırdı. Sanki bu ana nəzirini vermək üçün qarşısına çıxmışdı. Üzünü göyə tutdu. Heyrətdən yerində donub qaldı. Parçalanıb səmaya səpələnmiş kiçik buludlar, sanki bayaqkı ananın mavi paltarındakı ağ butaları xatırladırdı. O, sanki xəyal kimi göylərə çəkilmişdi.

  • Mayisə ƏSƏDULLAQIZI.”Sevgidən necə yazmayım?!”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Məhəbbətin üzük qaşı,
    Adın ürəyimin başı,
    Olmamışam hələ naşı,
    Həsrəti necə pozmayım,
    Bu bağda necə azmayım?
    Sevgidən necə yazmayım?!
    Sənsiz gündüzüm qaradı,
    Ürəyim para-paradı,
    Bilmirəm yerim haradı?
    Həsrəti necə pozmayım,
    Bu bağda necə azmayım?
    Sevgidən necə yazmayım?!
    Bəzəyirəm sevgi bağın,
    Mənəm ürəyə dayağın,
    Sevirəm bülbülsayağı,
    Həsrəti necə pozmayım,
    Bu bağda necə azmayım?
    Sevgidən necə yazmayım?!
    Bu dünyada qoca-cavan,
    Sevgidi onlara qalan,
    Ey məni dillərə salan,
    Həsrəti necə pozmayım,
    Bu bağda necə azmayım?
    Sevgidən necə yazmayım?!

  • Mayisə ƏSƏDULLAQIZI.”Bağışla!”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Dağ başını duman, çiskin alanda,
    Yollarımı yaman azdım, bağışla,
    Çox dedilər, getmə belə yolu sən.
    Məhəbbətə quyu qazdım, bağışla!

    Mizrabını vur, o sədəfli sazın,
    Ocağına ömrün boyu, get qızın.
    Qəm eləmə, istəsən özgə qızın,
    Tellərini, qoxla, qoxla… bağışla,
    Ürəyində uca saxla…bağışla!!

  • Aydan ABDULLAYEVA.Yeni şeirlər

    13705205_578501418989939_422069793_n

    “Çox günahkardı…,,

    evində güzgülər bir ah tanımır..
    sənin pəncərənin gecəsi olmur..
    yaqut dodaqlarım çox günahkardı…
    amma… elə yenə yağmur qoxuyur…

    qəhərim qəhqəh çəkir küncdə-bucaqda..
    saçlarım?.. sən getdin çilikləndilər…
    çəkmən qapıdadı, yanır ocaq da…
    söndü… yəqin ki, gəlməyəcəksən…

    ulduzlar?.. yox.. daha çox ötmür…
    daha diləmirəm onlardan səni…
    sənə pıçıldasam səsim hönkürmür…
    böyümüşəm… bilirəm dərdi sevməyi…

    bir nağıl gecəyə uydurum.. sonra…
    özüm inanaram uydurduğuma…
    qayıtma… sevmə… mənə aldanma…
    şeirlər yaz “ən xoş ayrılığına…,,

    ” …bu da belə duyğu qoxuyur….,,

    yenə əllərimdə şeir ağrıyır…
    yenə gözlərimdə tor olur kimsə…
    yenə qaranlıqlar hüzn saxlayır…
    durna xəyalında yorulur kimsə…

    yenə bu axşamı o axşam bilib..
    nimdaş ayrılıqdan deyir saçlarım…
    yenə usul-usul oluram dəli…
    yenə küləklərin evi- saçlarım…

    yenə məktublarım oxunmur… itir…
    səsimi dənizdən oğurla… oxu…
    sərçə gözlərində bir qızmı ötür?..
    o mənəm… gördüyün bir əlçim yuxu..

  • Mirzə TƏRXAN.Yeni şeirlər

    photo

    Dön özünə bax!

    Bir dəli oğlanam dünya gözümdə
    Beş qəpik dəyəri verməyir inan.
    Məni fikirləşən dərdimi çəkən
    Get öncə özünün dərdlərinə yan.

    Bax dünya kürkünə bürünmüsən sən
    Bu kürkü soyunsan sanki ölərsən.
    Amma bilginən ki, mütləqdir bir gün
    Kürün arxasınca baxıb gülərsən.

    Bu gülüş içinin ağrısı olar
    Həqiqət mülkünün oğrusu olar.
    Sənin heç bir zaman düşünmədiyin
    Yalançı dünyanın doğrusu olar.

    Bax… nə qədər ki gec deyil oyan
    Haqqa doğru yolun üstündə dayan.
    Əgər sarparsansa bu yoldan kənar
    O zaman haqqındır, cəhənnəmdə yan.

    “Bir əsgərin vida anı”

    Vətən xidmətinə gedirəm canım!
    Sən oğlunu geri dönməz say ana…
    Namərd gülləsinə tuş gəlsəm birdən,
    Dua eylə! Sənin duan mənimçün,
    Son ümüddür təsəllidir ay ana!
    Sən oğlunu geri dönməz say ana!

    Əgər ölümümlə qoruyacamsa,
    Yüzlərcə körpənin qığıltısını.
    Gözümdə zərrəcə ölüm adında,
    Qorxu yoxdur, sədaqət varay ana!
    Sən oğlunu geri dönməz say ana!

    Hər kəsə yaradan verməyib bil ki,
    Üzü ağ, şərəfli ölüm yolunu
    Anacan gözündən yaşları tez sil..
    Ağlama,məğrur ol… hər bir əsgəri,
    Bundan sonra öz oğlun bil ay ana!
    Sən oğlunu geri dönməz say ana!!!

  • Mirzə TƏRXAN.”Türkiyəm!”

    photo

    Ey millətim! Kökün var, taki Mu qitəsindən.
    Tarixin var tarixin əslindən, ötəsindən.
    Çətən minilliklərin ən sağlam çətəsindən.
    Soyun sağlam bir soydur, sağlam dur sən, Türkiyəm!
    Azadlıq peşindəsən, daim hürrsən, Türkiyəm!

    Sən İslam dünyasının , sütunusan, belisən.
    Sən mərdlər ocağısan, qəhrəmanlar elisən.
    Sən Müsəlman Türklərin dünyadakı dilisən.
    Dilini qısa tutma, Haqqı söylə Türkiyəm!
    Geriyə addım atma, qal həp böylə Türkiyəm!

    Hər zaman bir qəhraman xalqın vardır arxanda.
    Yüzlərcə namərd əli olsa belə yaxanda.
    Bütün dünya bilir ki, sən ayağa qalxanda.
    Kafirlər məhkum olur yox olmağa, Türkiyəm!
    Çaqqallar dəlik gəzir soxulmağa, Türkiyəm!

    Mən Türk soylu Azərbaycan övladı Mirzə Tərxan.
    Sözlərim silah olsun, vücudum sipər, qalxan.
    Bu dünya olsa belə bu andan alxan-çalxan
    Səfim səndən yanadır, dininləyəm, Türkiyəm!
    İnşəAllah, sonadək səninləyəm, Türkiyəm!

    (20.07.2016)

  • Aydan ABDULLAYEVA.Yeni şeirlər

    13705205_578501418989939_422069793_n

    * * *

    evində güzgülər bir ah tanımır..
    sənin pəncərənin gecəsi olmur..
    yaqut dodaqlarım çox günahkardı…
    amma… elə yenə yağmur qoxuyur…

    qəhərim qəhqəh çəkir küncdə-bucaqda…
    saçlarım?.. sən getdin çilikləndilər…
    çəkmən qapıdadı, yanır ocaq da…
    söndü… yəqin ki, gəlməyəcəksən…

    ulduzlar?.. yox.. daha çox ötmür…
    daha diləmirəm onlardan səni…
    sənə pıçıldasam səsim hönkürmür…
    böyümüşəm… bilirəm dərdi sevməyi…

    bir nağıl gecəyə uydurum.. sonra…
    özüm inanaram uydurduğuma…
    qayıtma… sevmə… mənə aldanma…
    şeirlər yaz “ən xoş ayrılığına…,,

    * * *

    mən özüm-özümə qəniməm adam…
    sənə baş ağrısı olaram ancaq…
    mən sənin nəyinə gərəyəm adam?..
    taleyim başına qaxınc olacaq…

    mən sənə deyəndə ki heç sevməmişəm…
    “bir ömür itirmisən,, deyərdin… heyif…
    bir özgə nəfəsdə isinməmişəm…
    dilim çox adama “xoşbəxtəm…,, deyib…

    bu dünya nə səni, nə məni götürməz…
    biz buralara yad adamlarıq…
    ruhun şıltaqlığı bəla gətirməz…
    lap gətirsə də… eşqə yozarıq…

    çoxdandı təkliyimlə evliyəm adam…
    qəfil xəyanətimi o bağışlamaz…
    mən elə əvvəldən beləyəm adam…
    sevda utancağı, haldan anlamaz…

  • Mais TƏMKİN.”Vüsalın xoş gecəsi yar vədəsində gəlmədi” (Qəzəl)

    10646868_273655359498567_6620189188081019440_n

    Vüsalın xoş gecəsi yar vədəsində gəlmədi,
    Meydanım oldu mənim dar, vədəsində gəlmədi.

    Ürəyim döndü közə, alışdı hicranı ilə,
    Odu ram eyləməyə qar vədəsində gəlmədi.

    Könlümdən seyr eləmək keçdi baği-behiştini,
    Əl atdım, əllərimə nar vədəsində gəlmədi.

    İstədim yar şəninə məclisi-toyxanə qurum,
    Gecikdi məclisimə tar, vədəsində gəlmədi.

    Gəlməliydi, ay Mais, görən nə üz verdi yara?
    Sözünü eylədi inkar, vədəsində gəlmədi.

  • “Ruslan Dostumun Kitabı” adlı ilk şeirlər kitabının “İmza günü” keçiriləcək

    kitab

    12 avqust 2016-cı il tarixində saat 17:00-da Beynəlxalq Mətbuat Mərkəzində AYB vəDGTYB üzvü, Prezident təqaüdçüsü, Türküstandakı Ə.Yasəvi adına Qazax-Türk Universitetinin öyrəncisi, istedadlı gənc şair Ruslan Dost Əlinin yeni işıq üzü görmüş “Ruslan Dostumun Kitabı” adlı ilk şeirlər kitabının “İmza günü” keçiriləcək.

    Ünvan: AZ1100, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23. Beynəlxalq Mətbuat Mərkəzinin 6-cı qatı.

    Şəfa VƏLİYEVA,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi,
    AYB və DGTYB üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı

  • Esmira RƏHİMLİ.”Sevgiyə cavab ver!” (Hekayə)

    er

    Sentyabr ayı idi. Anamın heç cür bağdan ayrıla bilməməsi ucbatından düz on bir gün dərsdən qalmışdım. Ürəyim darıxırdı, şəhərə getmək istəyirdim. Səkkizinci sinifə keçmişdim. Yox, dərs ilinin başlanmasına sevinmirdim. Müəllim danlayacaqdı, ona görə.
    Söhbətdən belə başa düşürdüm ki, getməyimizə az qalıb, artıq maşın danışıblar. Bağda olduğumuz üç ay ərzində bir ərik, beş nar ağacına və üzüm tənəklərinə şəxsən özüm qulluq eləmişdim. Avqust ayının sonuncu gününə kimi onları budamış, suvarmışdım. Daha payız gəlirdi. Quluğa ehtiyacları yox idi. İndi onları təbiət özü suvaracaqdı.
    Növbə kəsilməsi lazım olan quru ağaca çatmışdı. Nə vaxtdan quruduğunu xatırlamırdım. Onu həmişə belə görmüşdüm. Təxminən bir metr yarım boyu olardı. Gövdəsi çox qalın olmasa da mişarlamağa gücüm çatmayacağını anladım. Atama: – Gəl bu ağacı kəs – dedim. Mənə, – Sonra! – deyib başından elədi.
    Əlimi uzadıb budaqlarından birini qırmaq istədim. Qırılmadı, əyildi. Hələ də elastik idi. “Deməli bu agac qurumayıb?”– deyə düşündüm. Onu sığalladım. Bütün gövdəsini mamır örtmüşdü. Züm-zümə eləyə-eləyə mamırları dırnaqlarımla qaşıyıb tökdüm. Dibini belləyib yumşaltdım. Gün batana yaxın onu suvardım. Təxminən on gün olardı ki, onun hamarlaşıb gözəlləşmiş gövdəsini sığallayıb başqaları yox, təkcə o eşitsin deyə lap yaxından ona mahnı oxuyurdum. Yavaş-yavaş dirçəlirdi. Budaqlarında xırda, yaşıl tumurcuqlar görmüşdüm.
    Artıq həsrətlə gözlədiyim maşın gəlib çıxdı. Atam şəhərə aparacağımız çantalarımızı maşına qoymaq üçün götürdü. Anam evin qapısını bağlayıb mənə yaxınlaşdı: – Bu gavalı ağacı imiş. Çiçəklərindən tanıdım – dedi. Təəccüblə: – Məgər burda gavalı ağacı var? – deyə soruşdum. Əli ilə göstərib: – Arxaya dön bax, sənin ağacın! – dedi. Dönüb baxdım. “Mənim ağacımın” budaqlarında təxminən beş-altı ədəd alma ağacının çiçəkləri boyda, tünd çəhrayı rəngdə çiçəklər var idi. Əvvəlcə gözlərimə inana bilmədim. Axı payızda ağac çiçəkləməz! Sonra anladım ki, onun mənə qoşulub “sevirəm yar, səni mən yar” deyə mahnı oxumaq üçün dili yoxdur. Lakin o, mənim sevgimə cavab vermişdi. Çiçəkləri ilə!

  • Esmira RƏHİMLİ.”Yalan” (Hekayə)

    er

    Yalın dizlərimi yerə vura-vura ona doğru irəlilədim. Qapının yanındakı stulda oturmuşdu. Əynində yumşaq yun parçadan açıq sarı rəngdə gözəl paltar var idi. Həyəcanla ayaqlarını qucaqlayıb üzümü dizlərinə yapışdırdım.
    – Yaxşı, söhbəti dəyiş, indi ağlayacaq…
    Bibimin sözləri indiki kimi qulaqlarımdadır. Anamın bundan bir neçə dəqiqə əvvəl dediklərini o dəqiqə anlamışdım: “Ölsəydim bunlara kim baxardı?”
    Ölmək nədir bilmirdim. Nəyi bilirdim ki?! Hələ təzəcə ayaq açmışdım. O vaxt bir cücənin belə ölümünü görmədiyim halda bu sözü eşidən kimi qəlbimin dərinliyində çox güclü bir sarsıntı duydum. Mənə elə gəldi ki, göydən iri, güclü bir əl uzanacaq. Anam bu əlin ovcunda qalacaq. Sonra bu əl anamı göyün heç kimə məlum olmayan qaranlıq, qorxulu dərinliklərinə aparacaq və mən onu bir daha görməyəcəyəm.
    Sinəmin altında sanki bir quş çırpınmağa başladı. Anam əlilə kürəyimi oxşayıb: – Yaxşı, yaxşı, ölməmişəm sağam, görmürsən? – dedi. Dodağım səyriyə-səyriyə soruşdum:
    – Ölməzsən?
    Anam: – Yox, yox, ölməyəcəyəm… – deyib başımı aldatdı. Ömrüm boyu bu qorxu ilə yaşadım. Bir gün o əl göydən uzanıb anamı ovcuna aldı. Çəkib göylərin qaranlıq dərinliklərinə apardı. Dizlərini qucaqladım, öpdüm:
    – Bəs demişdin ölməyəcəksən?

    23-06-2016

  • Müzəffər MƏZAHİM.”Gəldi”

    mm

    O gün ki , dünyaya göz açdı insan,
    Kim kefə , kim də ki , əzaba gəldi.
    Kim çıxdı allahın , haqqın yolundan,
    O da ilahidən qəzəbə gəldi.

    Saydığım üç şeydən qorun dünyada:
    Qoyma ləkələnsin arın dünyada,
    Qudurma artsa da varın dünyada,
    Bir də ki , sədəlik hesaba gəldi.

    Səni yaradanın duy varlığını,
    Etmə nadanlıqla zay varlığını,
    Dərk elə bəşərə pay varlığını,
    Abrımız , həyamız icaba gəldi.

    Bizə yol verənin yolu nur seli,
    Ən əziz bəndəsi , qulu nur seli,
    Göylərdən süzülən ulu nur seli,
    Əmriylə müqəddəs kitaba gəldi.

    Sevincin , ələmin övlalarıyıq,
    Görünən aləmin övlalarıyıq,
    Həvvanın , Adəmin övlalarıyıq,
    Hamı bir birinə əsaba gəldi.

  • Müzəffər MƏZAHİM.”Deyən, çox yaşadım”

    mm

    Deyən, çox yaşadım, qocaldı dünya,
    Məni saxlamağa taqəti yoxdur.
    Onu da çaşdırdı gördüyüm röya, –
    Xaliq özü vardı, xilqəti yoxdu…

    Şəffafmı əlində tutduğu qələm?
    Hərdən tərsə düşür sıralaması.
    Güya bərabərmiş sevinclə ələm,
    Bizik Tanrımızın qaralaması.

    İşıqlı dünyaya can atırıq biz,
    Divlar aləmidir bu zülmət dünya.
    Qırxıncı otaqdır hələ qəbrimiz,
    Sirrini saxlayıb məhşərə güya.

    Tanrı qələmdən çox pozan işlədir,
    Bəs: -Yoxdur,- deyirlər,- yazıya pozu?
    Ölüm də, doğum da eyni çeşmədir,
    Ömrü də ölümün qələmi yazır.

  • Gülnarə MAHMUD.”İri gözlər” (Hekayə)

    13884516_10209691884401300_1187644379_n

    – Ay Zibeydə xala, deyirəm qorxu qalıbe bu Asimanın canında. Hər gecə yerindən dik atılır. Müharibədə necə qorxu keçiribsə, elə o vaxtdan heç canından çıxmır da. Deyirəm bəlkə bir çildağçıya göstərək? – çıxılmaz vəziyyətdə qalan Minəxanım qaynanasından kömək istədi: – Amma heç bilmirəm bunu ona necə deyim, ora necə aparım? Bəlkə səni eşidə, ay Zibeydə xala.
    – Az fikir eləmə, getməzsə, biz də canıyanmış çildağçı Güləndamı çağırarıq evə gələr – Zibeydə arvad onu sakitləşdirməyə çalışdı.
    Minəxanım bunu eşitcək sevindi:
    – Görəsən gələr? Nə yaxşı olardı, ay Zibeydə xala.
    – Demək sən belə elə. Axşam Asiman evə gəlsin. Sən hələ bir ona de, gör nə deyir. İşdi-şayət razılaşmasa, onnan sonra mən Güləndamla danışaram – deyib Zibeydə arvad öz göstərişlərini verdi.
    * * *
    – Dediyimi bisirmisən, ay Minə? –yaş əlini dəsmala silə-silə yeməyin qoxusuna mətbəxə keçən Asiman arvadından soruşdu.
    – Əlbəttə.
    Minəxanım işi keçsin deyə gülər üzlə ərini qarşılayıb qazın üstdə qaynayan düşbərəni kəfkirlə qarışdırdı. Asiman buxarlanan yeməyin iysini dərin nəfəslə içinə çəkdi:
    – Hə, onda gətir gəl.
    Yemək tam hazır olduqdan sonra Minəxanım bir neçə dəqiqənin içində hazırladığı təamlarla süfrəni bəzədi. Düşbərədən əlavə ərinin ən çox sevdiyi qutabları da qaba düzüb süfrəni doldurdu. Asiman yeməyə təzə başlamışdı ki, Minəxanım da stulu çəkib əri ilə üzbəüz əyləşdi:
    – Hə necədir?
    Asiman bir qaşıq düşbərəni üfləyib ağzına qoydu.
    – Hmm… Əla! – deyib gözucu onu maraqla izləyən arvadına baxdı: – Görürəm sözlü adama oxşayırsan.
    – Ay Asiman, deyirəm müharibədə keçirdiyin istressdən sonra yaman qorxmusane. Gecələr yata da bilmirsən, yerindən dik atılırsan. Bəlkə bir çildağa gedək, hə, nə deyirsən?
    – Nə qorxu, ay qız? Gic-gic danışma. Onun-bunun yanında da deyərsən məhlədə biabır edərsən məni.
    – Elə demirəme, ay Asiman. Bir az həyəcanlanmısan da yəni – Minəxanım tez sözünü düzəldib əlavə etdi:
    – Ay Asiman, sən …
    – Ay qız, sus, sus! Yenə başlama boş cəfəngiyatlardan ötrü onun-bunun goruna and verməyə.
    – Asiman, bax getməsən, Zibeydə xala çildağçının özünü bu evə gətirəcək.
    – Ay qız, məhlədə mənim asobı uvajeniyam var. Indi də məhlə uşaqlarının yanında biabır eləmək istəyirsiz məni?
    Uzun çək-çevirdən sonra Minəxanım ərini yola gətirə bilir.
    * * *
    Onlar Bakının “Kubinka” adlanan köhnə məhəllələrindən birinə girdilər. Yol kənarı boyunca düzülən bir-iki mərtəbəli həyət evləri, məhəllələr arasından keçən ensiz yollar labirint kimi dolaşıq olduğundan mənzil başına soruşmadan gedib çatmaq mümkün deyildi. Məhəllə adamlarından çildaqçı Güləndamın ünvanını dəqiqləşdirəndən sonra tinlərin birindən üzü yuxarı ara yol ilə qalxıb bir həyət evinə yaxınlaşdılar. Zibeydə xala həyətin açıq qapısını aralayaraq “Güləndam” deyə səsləndi. Güləndamın anası olan yaşlı bir qadın yaxınlaşıb onları çildağa gələnlər üçün ayrılmış kiçik otağa ötürdü.
    – Keçin bir az gözləyin, əlində işi var, indi gələr.
    Divarları hiss olunacaq dərəcədə köhnədən sadəcə əhənglənib ağardılmış, bəzi yerlərinin əhəngi hətta tökülmüş, boyası qopmuş taxta stullar, qapısız girəcəyə asılmış uçan həşəratlardan qorunmaq üçün cuna pərdədən ibarət bu otaqda bir müddət oturduqdan sonra nəhayət, özünü həsrətdə qoyan çildağçı xanım gəlib çıxdı. Bayaqdan boş divarlara baxaraq hövsələdən çıxan Asiman girəcəkdən içəri girən Güləndama tərəf döndü.
    Maya kimi ağ üzü, al yanağından boynuna doğru düzülən silsilə xalları, ətli-canlı əndamı, xüsusilə də Iran xanımlarına məxsus iri qara gözləri ilə bu xanım göz qamaşdırırdı.
    Güləndam otaqdakılarla görüşüb, salamlaşıb, hal-əhval tutandan sonra yanlarını basa-basa otağın bir küncündə qoyulan naqilli elektrik sobasına yaxınlaşdı. Uzərinə qoyulmuş göy parça bükülü, siqaret kimi ucu közərən çubuğun birini əlinə götürüb cəld hərəkətlərlə Asimanın boynuna, qollarına, ayaqlarına çəkdi. Asiman ətrafına fırlanan Güləndamın iri qara gözlərindən ətli-canlı əndamına qədər gözünün ucu ilə oğrun-oğrun süzdükcə, siqaret kimi bükülmüş parcanın közərən ucu ilə bədəninə dağ çəkilirdi. Ona toxunan “cəhənnəm odu” düşdüyü “cənnətdə” hiss edilmirdi. Necə deyərlər, gözü qalmışdı Guləndamın “gül əndamında”. Hər hərəkətində titrəyən yambuzları diqqətdən yayınmırdı. Asimanin oğrun baxışları da heç Güləndamın nəzərindən qaçmamışdı: “Hara baxır, görəsən bu şorgöz?!” Bəlkə də ondan idi ki, əlində tutduğu bükülmüş parçanın közünü ayılsın deyə yanan siqaret külqabıya basılan kimi onun bədənində basıb söndürürdü.
    * * *
    Qapıdan çıxan kimi Minəxanım öz aləmində olan Asimanın qolundan yapışıb silkələdi:
    – Nə gözüvü zilləmişdin xalxın arvadına?
    Asiman astagəl tələffüzü ilə sayıqladı:
    – Görmədin, necə iri gözləri var idi?–böyrünü deşən dirsəyin zərbəsindən bir anlıq ayilib: – Anam-bacım olsun! Mən nə deyirəm ki?!
    Minəxanım pıçıltı ilə qulağına qışqıraraq tez onun sözünü kəsdi:
    – Bəsdir, hələ bir danışır da?
    Asiman arvadı ilə yol boyu deyişə-boğuşa evə gəlib çatdıqdan biraz sonra ara sakitləşincə ufuldaya-ufuldaya yataq otağına çəkildi. Minəxanım isə deyinərək qonaq otağında çay süfrəsi hazırlamağa başladı.
    İçəridən Asimanın yanğılı zarıltısı gəlirdi: – Ay aman, yandıııım. Yaman göynədire, ay Minə. Yandıme, yandım.
    Deyəsən o bədənində közlənən yerlərin acısını yavaş-yavaş hiss edirdi.
    Yavaş-yavaş artan ağrılar Asimanın naləsini “asimana” qaldırmışdı.
    – Müharibədə heç belə odlanmamışdım, ay Minəəə. Oddadınız məni.
    Minəxanım isə heç nə olmayıbmış kimi divanda oturub təzə dəmlədiyi çaydan bir qurtum ağzına alaraq televizorun pultunun düyməsini basdı:
    – Sən hələ çox odlanacaqsan.
    Televizorun ekranı işıqlanan kimi musiqi səsi Asimanin ahu-zarını üstələdi.
    Yandım ay Allah, iri-iri gözləri,
    Yandım ay Allah, iri-iri gözləri…

  • Rahilə DÖVRAN.”Ay işığında”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Sonetlərim – silsiləsindən

    Sənin o növraqlı yolların üstə,
    Çiçəkli baharam,qönçə güləm mən.
    Bir ömür istərəm ,qolların üstə,
    Sevgimi,eşqimi sənlə böləm mən.

    Könül can atanda ilk görüşünə,
    O axşam hədiyyən vüsalın oldu.
    Ayın nuru qondu xoş gülüşünə,
    Söyüdlər həsrətlə saçların yoldu.

    Olub eşq dalğıcı tapdım dürr,inci,
    Qəlbimə sığmırdı eşqin sevinci
    Ulduzlar süzürdü bizi o anda.

    Xoş bahar gecəsi artıq yarıydi,
    Şahid göy üzünün ulduzlarıydı,
    Qoşa addımladıq,ay işığında.

  • Rahilə DÖVRAN.”Ana dilim”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Yaradanın duasıdır,
    Xalqın könül butasıdır.
    Lisanların atasıdır,
    Doğma dilim, Ana dilim.

    Ümman qədər dərindir,
    Gəl sən də dinlə, dindir.
    Qənddən, baldan şirindir,
    Doğma dilim, Ana dilim.

    Günəşlədir, ayladır,
    Qəlb oxşayan layladır.
    Güldürür, həm ağladır,
    Doğma dilim, Ana dilim.

    Güvəni var özünə,
    Hər kəlmə, hər sözünə.
    Oxdur düşmən gözünə,
    Doğma dilim, Ana dilim.

    Hopub iliyə, qana,
    Mən övladam, o Ana.
    Qələm verib Dövrana,
    Doğma dilim, Ana dilim.

  • Abdulla MƏMMƏD.”Qapımı açmışam dağlara sarı”

    abdullamuellim

    Qapımı açmışam dağlara sarı,
    Dağlardan əsən meh üzümdən öpür.
    Neçə kədərimə dağlar hasarım,
    Gözüm zirvələrin gözündən öpür.

    Qürubun gözündən qərib bir həsrət,
    Günəşin üzündən qəm-qüssə yağır.
    Bu günüm ömrümə yazılan qismət,
    Sabahım RƏBBİMİN əlinə baxır.

    Solur buludların qızıl yanağı,
    Qaralır səmanın mavi bənizi.
    Çəkdikçə ay üzdən bəyaz düvağı,
    Əriyir göylərin zülmət dənizi.

    Ulduzlar səmada yanan çıraqban,
    Gecənin qoynunda Ay ocaq çatır.
    Bu gecə sükuta qərq olur hər yan,
    Bu gecə hər nə var ürəyə yatır.

    An ana calanıb gecədən keçir,
    Bir də ayılıram- gecə yarıdır.
    Sən demə xəyalım gecədən keçib
    Yuxumu qaçıran sözün yarıdır.

    Bu gecə sıgınıb tənhalığıma,
    Barışa bilmirəm dərdlə,qədərlə.
    Bürünüb ümidin bəyazlığına,
    Vaxtı öldürürəm xatirələrlə.

    Gecəmi vaxt yeyir,özümü sözüm,
    Söz-söz boşalıram varağın üstə.
    Sözümün əlindən əlimi üzüb,
    Yeriyə bilmərəm ayağım üstə.

    Qapımı açmışam dağlara sarı,
    Dağlardan əsən meh üzümdən öpür.
    Neçə kədərimə dağlar hasarım,
    Gözüm zirvələrin gözündən öpür.

    Azərbaycan Quba
    04.05.2001.

  • Abdulla MƏMMƏD.”Gerçək yuxulu gecə”

    abdullamuellim

    Bu gecəni sükut yeyir,
    Bu gecə-sənsiz bir gecə.
    Sənli günü həsrət geyib,
    Bu gecədən çətin keçəm.

    Bu gecə neçə söz ölüb-
    Dirilir,qatır başımı.
    Bu gecə-göydən süzülən
    Ulduz-ulduz göz yaşımı?!

    Üzümdə ayın işığı,
    Gözümdə dərd gecələyir.
    Üzür məni tənhalığım,
    Ürəyimi gecə yeyir.

    Üşütməzdi qəm sevgimi,
    Gəlməzdi həsrət qapıma.
    Ulduzları təsbeh kimi
    Düzsəydim sevda sapına.

    Ulduzların misra-misra
    Durulsam süd baxışında,
    Nə dərdim olar,nə yaram-
    Yuyulsam söz yağışında.

    Gilə-gilə gilələnir,
    Ulduzlar göyün üzündə.
    Sanki göydən nur ələnib
    Zülməti yuyur gözümdən.

    Ay öpdükcə baxışımı,
    Təskinləşir ürəyim də.
    İçib ulduz yağışını,
    Söz cücərir ürəyimdə.

    Azərbaycan. Quba
    24.07.2016

  • Müzəffər MƏZAHİM.”Neftçalam”

    mm

    Ömür yolcusuyam , limanım sənsən,
    Sevginlə qaynayır qanım , Neftçalam.
    Yelkənli qayığam , ümmanım sənsən,
    Sənə əmanətdir canım , Neftçalam.

    Sən mənə sadəcə ünvan deyilsən,
    Ümid qaynağısan , ata ocağı.
    Varsan , həqiqətsən , güman deyilsən,
    Mehrin , məhəbbətin ana qucağı.

    Xəzər şirin-şirin çalır laylanı,
    Oxşayır hüsnünü gilavar , xazri.
    Günəş səndə doğur , şəfəq parlayır.
    Bəxş edir cahana zərrin səhəri.

    Daim küləklərin zümzüməsidir.
    Kür ilə Xəzərin vüsal nəğməsi.
    Tarixin əbədi yaddaş səsidir,
    Qumlu sahillərin qüdsal nəğməsi.

    Bəzəksiz-düzəksiz gözəlliyində,
    Tanrının öz zövqü, möcüzəsi var.
    Sənin öz cazibən özəllyində
    Ürəkdən sevənə sirrini açar.

    Nə uca dağların, nə ormanların
    Nə buz bulaqların, çeşmələrin var
    Amma ləyaqətli, mərd insanların,
    Ürəyə yatımlı çeşnələrin var.

    Zəngin ovlaqların, sutatarların,
    Ceyranlı, turaclı çöllərin vardır.
    Yerüstü, yeraltı, sərvətin, varın,
    Barlı-bərəkətli ellərin vardır.

    Ömür yolcusuyam , limanım sənsən,
    Sevginlə qaynayır qanım , Neftçalam.
    Yelkənli qayığam , ümmanım sənsən,
    Sənə əmanətdir canım , Neftçalam

  • Müzəffər MƏZAHİM.”Gərək”

    mm

    Hər ürək yansın Hüseyn eşqilə pak olsun gərək,
    Hər könül qoy məst olub bu eşq ilə dolsun gərək.

    Məsləki, andı, səbatı, etibarı öyrədən,
    Bir imamın məqsədi örnək kimi qalsın gərək.

    Etdi insanlıq üçün canın fəda, oldu şəhid,
    Bu məqamı bəndələr hər gün yada salsın gərək.

    Ən müqəddəs bildiyi Allah yoluydu, dönmədi,
    Bu əqidə, bu inam daim zəfər çalsın gərək.

    Ağlama, ibrət götür, Allaha eşqi əxz elə,
    Hər Hüseyn aşiqinin qəlbi əmin gülsün gərək.

    Şəkkə qəlbində, Müzəffər, qayma yer qalsın, ələn,
    Şeytanı şahud tutan kafər kimi ölsün gərək.
    2012

  • Xalq Şairi Səməd Vurğunun 110 illik yubileyi Sumqayıtda qeyd edilib

    Sumqayıtda Mərkəzi Kitabxanada Xalq Şairi Səməd Vurğunun 110 illik yubileyi qeyd olunub. Tədbir Şəhər Mədəniyyət Evi və kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.

    Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən AZƏRTAC –a bildirilib ki, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Sabir Sarvan Səməd Vurğun yaradıcılığı haqqında məlumat verib.

    Daha sonra yubiley tədbiri bədii hissə ilə davam edib.

    Tədbirdə şairin əsərlərindən ibarət kitab sərgisi nümayiş olunub.

    Mənbə: http://www.azertag.az

  • Rahilə DÖVRAN.”Gülüm”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Sonetlərim – silsiləsindən

    Yoluna baxmaqdan yorulub gözüm,
    Hər anım, saniyəm qəhərdir, gülüm.
    Məcnuntək çöllərə aparır izim,
    Gecəm, gündüzüm də kədərdir, gülüm.

    Rəvamı bir ömür hey ağlayasan?
    Əl çəkmir dərd, ələm yaxamdan, gülüm.
    Hicranı nə qədər qucaqlayasan?
    Haçan de, üzümə gülər dan, gülüm.

    Xoşbəxtlik ilğımtək keçir gözümdən,
    Min ocaq qalandı eşqin közündən.
    Sevgimin tonqalı nə vaxt yanacaq?

    Əridi ömrümdə fəsillər, illər,
    Bir Məcnun eşqidir çağlayan sellər.
    Bu qanlı sellərə kim dayanacaq?

  • Rahilə DÖVRAN.”Bilmirəm”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Sonetlərim – silsiləsindən

    Nə vaxtdır hicrana çələng hörürəm,
    Bitəcəkmi həsrət hələ bilmirəm.
    Hara baxıramsa səni görürəm,
    Ağlar gözlərimi silə bilmirəm.

    Boş bir quş yuvası bu könül sənsiz,
    Kimsəsiz, viranə, quru budaqda.
    Bir ömür yaşandı fərəhsiz, şənsiz,
    Sevgi nəğmələri dondu dodaqda.

    Ayrılıq yelləri əsəndən bəri,
    Könül sevdasından küsəndən bəri,
    Meylini salıbdır badəyə, meyə.

    Ümidim əl açan dilənçi kimi,
    Ömrə yamaq vurur pinəçi kimi,
    Hicranın yarası qapansın deyə.

  • Mayisə ƏSƏDULLAQIZI.”Tək odur”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    İndi dünyanın kiridiyi
    Bir yerdəyəm.
    Günahlarım dar ağacım,
    Tək odur şirinim, acım.
    Sünbül saçlarım kəndir olub,
    Asıb məni günahlarımdan.
    Qurtarmaq istəyir sabaha
    Hayqıran ahlarımdan…
    Bu vasvası dünyanın,
    Mənə işgəncəsi nə?!
    Ağzı göyçəklərin
    Düşüncəsi nə?!
    Sevgi Allahı mənə qarşı,
    Bu qəddarlığı rəva görməz,
    Yer-Göy buna göz yumsa da,
    Tanrı bu nahaqqı götürməz…
    … İndi dünyanın kiridiyi
    Bir yerdəyəm.
    Sənin nağıllarınsa elə yuxutək itib!!
    Günahlarım dar ağacım,
    Tək odur şirinim, acım…