GECİKDİM
Bir gözümə sürmə çəkdim,
Biri ağladı, ağladı.
Ömrümə hey nisgil yağdı ,
Ümid yağmadı, yağmadı.
Ötdü ayım, ötdü ilim,
Bəyaz qardı indi telim.
Qapımı açdı öz əlim,
Fələk bağladı, bağladı.
Bu səbrimdən vallah bezdim,
Sətirlədim, sapa düzdüm,
Anlayana qədər dözdüm,
Əcəl haqladı, haqladı.
SEÇMƏDİM
Bağlı qapı arxasından boylanıb,
Olmayasan məntək dərdin düçarı.
Yuxulardan kipriyimə od düşdü,
Ayıldım ki, ömür yarı, gün yarı.
Ayıldım ki, çiçəklərə sar düşüb,
Cığır itib, yollarına qar düşüb.
Kimin isə ürəyinə nar düşüb,
Dənələyib düz əhdi, düz ilqarı.
Mən seçmədim, bəxtim özü ‘xoş ‘ gəldi,
Pəncərəmdən gül yerinə daş gəldi.
Gözlərimdən bircə damla yaş gəldi,
Əritdi sinəmdə buz tutan qarı…