11153468_731421923638953_1561011028_o

GEDƏCƏYƏM

Xəyallar elə bil yuxu kimiydi,
Yazıya, qismətə çatdıq, ayıldıq.
Üzü dönük oldu zalım fələyin,
Gör neçə danışdıq, neçə ayrıldıq.

Kəsir duyğularım qılınctək məni,
Özümü gəzirəm hər addımbaşı.
Qollarım meyvəsiz budağa bənzər,
Bədənim tək-tənha bir məzar daşı.

Küsdürüb taleyin vəfası məni,
Ömür söyləmirəm ayrılıqlara.
Sıxır bu dünyanın havası məni,
Dönüb gedəcəyəm…bilirsən hara?!…

Xatirələr

Çox şey umdum taleyimdən,
Azını sevdirdi mənə.
Dözdüm deyə alnımdakı
Yazını sevdirdi mənə.

Qismətə yarımdı dedim,
Bəxtimdən yarıdım dedim,
Bəxtəvər yar idim dedim,
Nazını sevdirdi mənə.

Yolları toz duman aldı,
Gedən getdi, qalan qaldı.
Xatirələr ümid oldu,
Özünü sevdirdi mənə.