mm

Bir ömürdür yaşayırıq,
Bəxtlə güman arasında.
Arzu, ümid daşıyırıq,
Yazla xəzan arasında.

Bu dünyanı ha çevirdim.
Astarı bir, üzü birdir,
Bir doğmalıq izi gördüm,
Yerlə insan arasında.

Mənəviyyat çiçək deyil,
Hava deyil, çörək deyil,
Çoxuna heç gərək deyil,
Dinmə nadan arasında.

Şir olasan, nər olasan,
Yenilməyən ər olasan,
Üyüyərsən zaman-zaman,
Daş-dəyirman arasında.

Hər dəli çay Kür deyil ki,
Hər gizli söz sirr deyil ki,
Hamı elə bir deyil ki,
Yaxşı-yaman arasında.