10808336_736481946398900_1160869107_n

Nədir gözlərdəki o dərin baxışlar
Yoxsa yollardamı qalıbdır gözün
Göz yaşın kiprikdə olubdur naxış
Yoxsa qürbətdə bir canınmı var
Ağlama gözləri yorulmuş , qadın
Gözləri yol gedib yol gəlir elə
Dilində sözləri quruyub qalıb
İndisə gözləri gəlibdir dilə
Dərdini tək yeyib tək içən , qadın
Arada bir nəfəs al bir nəfəs ver
Əgər boğsa öz dərdin səni
Valla qurtarmaz sevincin səni
Susmusan ,düşünən qadın?
Niyə susanda danışırsan sən
Səssiz danışmağı necə öyrəndin?
Yoxsa narahat hislərin öyrətdi sənə
Baxışın qılıncdan sərtmiş, ey qadın
O baxış min yerə bölər ürəyi
Sənin gözlərini susdurmaq lazım
Yoxsa bu gözlər öldürər məni
Dərdinin əlacın tapıb gətirib
Rahat fikirlərlə yalnız qoyacam
Bəlkə fikirləşməyi bir az unudub
Rahat yaşamağa davam edəsən.