1424249538_sekil

Məhəbbət bağında, sevgi bağında,
Bəzəyək həyatı sevgiylə, gülüm..
Ömrün çiçəkləyən gözəl çağında,
Bəzəyək həyatı sevgiylə, gülüm….

Asta–asta gəlsin qoy neyin səsi,
Qarışsın bahara könül nəğməsi,
Duymuşam səndəki eşqi, həvəsi,
Bəzəyək həyatı sevgiylə, gülüm….

Nə qədər imkan var sevək–sevilək,
Şirin duyğularla döyünsün ürək,
Ömür yollarında əl–ələ verək,
Bəzəyək həyatı sevgiylə, gülüm…

Hər səhər parlayıb günəştək çıxaq,
Hicranı, kədəri sevgiylə yıxaq,
Qovuşan çay olub, bir yerdə axaq,
Bəzəyək həyatı sevgiylə, gülüm…