378318_508394119221817_1971439614_n
****

Ayrıldıq..o gündən səbrim azaldı
Bacara bilmədim əsəblərimlə
Sənsizlik dərd olub qaldı mənimlə
Mənsizlik getdimi görən səninlə?

Başımda fikirlər gör neçələşdi
Gör nələr baş verdi bir ayrılıqdan
Ayrıldıq…aradan axı nə keçdi
Sənsiz saçlarımda dan ağardı,dan

Həyatda sən də tək,daha mən də tək
Deyirlər tək olan isinə bilməz
Biz qoşa gedərdik haraya getsək?
Hanı çüt göyərçin günlərimiz bəs?

* * *

Bizim görüşümüz uzaqdan-uzaq
Bizim görüşümüz qarlı bir sazaq
Ya səni,ya məni soyudacaqdır
Sonra öz qütbünə qayıdacaqdır

Arzumuz başqadır,yolumuz başqa
Bəs harda,haçandan tapışmışıq biz
Yoxsa o günlərə qayıtmaq üçün
Indi görüşlərdən yapışmışıq biz

Gör neçə sakitik yay suları tək
Qaynar qəlbimizdə susur hay-haray
Kövrək bir ürəyin arzuları tək
Keçir gözümüzdən görüşlər lay-lay

Bizim görüşümüz payız sükutlu
Hansı günlərəsə hələ ümidli
Yanırıq yanğımız qalır ürəkdə
Alova dönürük,közə dönürük
Ayrılıq çağında vüsal deməkdən
Görüş çağlarında buza dönürük

Bizli də,bizsiz də ötdükcə zaman
Məhəbbət yolunda lap çaşırıq ki
Hər görüş bir az da yaxın olmaqdan
Hər görüş bir az da yadlaşırıq ki

Bəlkə nəzərlərdən yayınaq daha
Bəlkə heç düşməyə duyuq görüşlər
Gedək xatirəylə qızınaq daha
Bizi isitməyir soyuq görüşlər