1423756700_sefa-xanim

Bu dünyanın sözə həsrət səhra üzündə, təşnə söz aşiqlərinin ürəyinə su səpəcək biri var. Viləş çayı kimidir onun hər sözü, səssiz də axar, çağlayar da… Kim bilir, bəlkə elə Viləş çayı özü də kiminsə göz yaşlarından yaranıb, hər açıq yarada bir az daha qaynayır. Hər qaynadıqca da sözlərlə rəqs edən bir qız gəlir dünyaya – Viləşi özünə ad seçib, hər sözündə yenidən doğulan bir qız.

Qəpiyi əlində uşaq kimiyəm,
Hər dərdə, azara daxılın açan.
Bilirəm, haçansa, çıxıb gedəcək,
Bir zaman yüyürüb yanıma qaçan…

Gülə-gülə dərd çəkənlərin, sığalı yerinə düşməyənlərin, gecikmiş sillələrin sözçüsüdür bu söz adamı.

Nələr yaşayırsan, nələr görürsən,
Adam gülə-gülə dərd çəkə bilər.
Yüz sığal illərlə yerinə düşməz,
Bir sillə yüz il də gecikə bilər…

Bir qadının harayında milyon qadının nisgilini daşımaq… Söz, bax budur!

Söz “Könül pıçıltısı”dır (2004). Bir ömrün 19-da yaşanmamış yaşanacaqların şeiri sevən ruhlara su səsi kimi ahəstə axıb tökülməsidir. Söz, “Çiçək nəğməsi”dir (2006), bir dəstə çiçəyin bir həzin bəstəyə çevrilib könül gözüylə duyanlara oxunmasıdır. Söz, “Salam, Tanrım” (2008) deməkdir, Allahın ətəyinə sığınanda dilində dualar, gözündə yaşlarla Yaradana baş əyməkdir. Söz, “25 Nar çubuğudur” (2010), 25-ci baharda düşmən gözü dağlamağa ömürdə dəstələnən 25 igiddir. Söz “Söyüd balası”dır (2012) – “söyüd bar verməz” deyənləri söyüd balalarının sözləriylə ittiham etməkdir. Söz başqa şeydir Afət Viləşsoy üçün…

Çətindir, bir gözlə qadın daşıyıb,
O biri göz ilə yuxuya getmək,
Ağırdır, içində ağılar deyib,
Yatağa oxuya-oxuya getmək…

O, sözü demir, rəqs edir sözlərlə. Sevgilisi kimi, aşiqi kimi, lap elə doğma balası kimi sözə sarılıb sözlə rəqs edən, sözlərini gözlərindən asan biridir o qız – Afət Viləşsoy. Kədəri belə elə gözəl ritmik ifadə edir ki, az qalırsan qol götürüb doya-doya ağlayasan kədərinə.

Əllərim yad əldən sığal almasın,
Saçlarım bir qızdan geri qalmasın,
Dünya mənsiz olsun, sənsiz olmasın,
Doğ məni dünyaya, doğ addım-addım.

Bu qızın sözləri insanı özündən alır və yer üzünün fövqündə bir yerdə səyahətə çıxarır. Əslində, bu dünyada yaşamır “onun içindəki adam”. Hər qələmi əlinə alanda bu dünyada olmur Afət, “Salam, Tanrım” deməyə gedir. Başına yığır boynubükük söyüd balalarını… və bir söyüdün altında görüşür özüylə.

Salxımlanıb qara gözün yuxusu,
Saçlarında yad sığalın qoxusu,
Səsi titrək, qəlbikövrək bir qızın
Bu söyüdün altı görüş yeridir.

Sözü özündən əvvəl doğulub Viləş qızının. Allah onu yer üzünə söz adamı göndərib. Öz ruhani nəfəsindən ürəyinə, duyğusuna pay verib. Sözlə hər rəqs edəndə

Allahın bir istəyini çatdırır o yer üzünə.
Yaram qaysaq tutub, yaram köz tutub,
Üzsüz adamlardan üzüm üz tutub,
Mənim doğulandan dilim söz tutub,
Doğrunu deməkdən yorulmamışam.

Hər şair kimi onun da gözləri qəlbinə aynadır. Yaşamış kimi görünüb də yaşaya bilmədiklərinin üsyanını daşıyır gözlərində, sehrə dönən sözlərini məktub edib bir şeir qanadında anasına yollayır.

Anama məktub

Ana, qadan alım, bir daha doğma.
Sənin doğduqların mənə oxşayır.
Mənim gördüklərim Allahsız qalıb,
Şeytana oxşayır, cinə oxşayır.

Sən güclü qadınsan, ağrını alım,
Qayıtsan keçmişə, məni də qaytar,
Allah əmanəti, göy əmanəti,
Məni bir dəfəlik geriyə qaytar.

Harda zillət olur-cərgədə adım,
Unudub sevinci, şadlığı yadım,
Mən şeir doğuram, sən şair qadın,
Ana, qadan alım, bir daha doğma.

Əslində başqa bir şeydir, söz deyil onun dediyi. Hələ oxunmamış nəğmədir bəlkə də. Bəlkə də səssiz-səssiz fəryad qoparan bir qadının qulaqları kar edən sükutudur.

Bu qadın daşdandı-dözənə dəymə…
Əlini qaldırıb süzənə dəymə,
O yanda Afətin gözünə dəymə,
Afətin dərdini bu yandan soruş.

Sən yenə sözlərinlə rəqs et, sözün qutsal qadını, biz yer adamları sevə-sevə ruhumuzu doyuraq.
Sözardı: Sözün doğduğu, sözü doğan qadın… Sən doğduğun şeirlərdə, sözlər sənin taleyində yaşayır. Səni ən yaxından tanıyan adam kimi, sözlərinin vurğunu olan bir oxucun kimi deyirəm ki, hər şey yaxşı olacaq, Sarı gəlin!

Nədir gözlərində bu məlul baxış?!
Vurursan qəlbimə daş, Sarı Gəlin.
Allah, gözlərində bulud lay tutub,
Az qalır sellənə yaş, Sarı Gəlin!

Sənə – Sarı Gəlinə ürəyimdən keçən dost sözlərimdir bunlar. Gözlərin gülsün, Afətim. Yerdə yaşayan Göy Tanrının övladı. Yeni yaşın qutlu olsun!

Yazdı: Şəfa Eyvaz