Silahlı Qüvvələr gününə həsr edilmiş “Azərbaycan uğrunda” hərbi-vətənpərvərlik mahnı müsabiqəsi Gəncə Qarnizonu Zabitlər Evinin və Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın bütün cəbhə bölgələrində yerləşən rayonlarında keçirilməsi planlaşdırılır.
Hərbi-vətənpərvərlik mahnı müsabiqəsi Azərbaycan Respublikasının bütün cəbhə rayonlarını: Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Göygöl, Goranboy, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, həmçinin Gəncə və Naftalan şəhərlərini əhatə edir.
Müsabiqədə həmçinin Azərbaycan Respublikasının digər rayonlarında yaşayan gənclər iştirak edə bilərlər. Bundan ötrü iştirakçının şəxsi iştirakına ehtiyac yoxdur, müsabiqədə uzaqdan da iştirak etmək olar. İştirakçı öz çıxışını video-çarx şəklində müsabiqənin elektron ünvana (festival@gim.az) göndərə bilər.
Müsabiqənin iştirakçılarının qeydiyyatı 10 aprel 2015-ci il tarixədək keçirilir. İştirak etmək üçün ərizələr Gəncə Qarnizonu Zabitlər Evində (Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, 56) və ya festival@gim.az elektron ünvanına göndərilərək verilir.
Müsabiqə iştirakçılarının bütün çıxışları internet səhifəsində yerləşdiriləcək. Həmin səhifədə istənilən iştirakçının video-çarxına baxmaq və bəyəndiyi iştirakçıya səs vermək imkanı olacaq.
İştirakçıların çıxışları professional münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Birinci turun konsertləri hərbi hissələrin ərazilərində keçiriləcək. Mülki iştirakçılara hərbi hissənin ərazisində gəzinti təşkil ediləcək. İştirakçılar gəzinti zamanı əsgər yataqxanası, sinif otaqları, atıcı silah və hərbi texnika ilə tanış olacaqlar. Seçim konserti keçirildikdən sonra əsgər yeməkxanasında iştirakçılar üçün nahar yeməyi təşkil ediləcək.
İkinci turun konsertləri aşağıda göstərilən bölgələrdə keçiriləcək: Bərdə, Beyləqan, Şəmkir, Gəncə.
Yarımfinal və final konsertləri Gəncə Qarnizonu Zabitlər Evinin tamaşa zalında keçiriləcək.
Qaliblərin mükafatlandırılması Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümünə həsr olunmuş qala-konsertdə baş tutacaq.
Şəfa VƏLİ,
AYB üzvü və Prezident təqaüdçüsü.