10515052_1454147261518412_988404994_n

Bu gün yenə keçirdim,
Sən qoxulu şəhərdən.
Yollar mənə danışdı,
Sən adlı bir nəfərdən.

Dedim a yollar, baxın,
Necədir mənim halım?
Qonaq olur röyama,
Tez-tez onun xəyalı…

Yollar, o bir mələkdir,
Geyinib insan donu.
Mənə özəl yaradıb,
Xaliqi-Sübhan onu.

Onun qara qaşına,
Gözünə qurban olum.
Hər səhər sizdən keçən
İzinə qurban olum.

Çox uzaqdır bu şəhər,
Gəlmişəm hardan-hara.
Tək onun yoxluğudur,
Günümü edən qara….

Razıyam mən çəkim ah,
Ondan gələn ahdırsa.
Xoşdur mənə günahım,
Sevməyim günahdırsa…

A yollar, insaf edin,
Çəkməyin məni dara…
Ümidim tək sizədir,
Aparın məni yara…

Peşman etməyin məni,
Belə uzaq səfərdə.
Mən onu necə tapım?
Bu cür böyük şəhərdə…

Bu gün yenə keçirdim,
Sən qoxulu şəhərdən.
Yollar mənə danışdı,
Sən adlı bir nəfərdən.

30.04.2015…( 02:43)