Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Ömrümü çəkmisən ayağım altdan,
Düşmüşəm, düşmüşəm üzümün üstə.
Mən sənsiz ağ günə çıxmamışam, yox,
Dumandı, çökübdü gözümün üstə.
Yerə tullayıblar getdiyin yolu,
Axı sən gedəndə “göylə” getmişdin.
Mənim həsrətini gəlin aparıb,
Ağlayıb atdığım suyla getmişdin.
Ulduz pəncərələr açılıb göydə,
Düşür işıq-işıq yoluma mənim.
Başımın üstündə bir ay dayanıb,
İşığı giribdi qoluma mənim.
Və belə… Sənsiz də yaşamaq olur,
Mən ömür gəlirəm, ömür gedirəm.
Öldürüb sonuncu ümidlərimi,
Başımın üstündə qəbir gedirəm.