1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Gözlərim yol çəkir, divanəm, tez gəl,
Çıxsın həsrətimin buxarı, susum.
Ya da insaf elə, küçədə görün,
Qaldır əllərini yuxarı, susum.

Nə dözüm qalıbdı içimdə, nə tab,
Yoxluq zəli kimi qanımı alır.
Qonşu çəpərdəki alagöz qadın,
Ruhuma əl çəkir, canımı alır.

Axı şan kimidi ömür də, bəxt də,
Vaxt yetib, bu eşqin pətəyin kəsək?
Tez gəl, deməsinlər – nə çox qız, gəlin,
Birini bəyən ki, ətəyin kəsək.

Gözlərim yol çəkir, divanəm, tez gəl,
Fələk nisgilimi qoxlaya bilər.
Bir gör, necə baxır qonşudakı qız,
Qorxmursan, qəlbimi oxlaya bilər?!