Otaqda hökm sürən sakitlik Hüseyn müəllimi narahat edirdi. Beynində dolaşan cavabsız suallar ürəyini sıxırdı. Bu gün şirkətin sahibi ilə görüş olmalıydı. Şirkətdə işə düzəlmək onun üçün olduqca vacib idi. Onun işə qəbul olunub, olunmaması dəqiq bilinəcəkdi. Bakının yaxın kəndində yaşasa da işə gəlib- getmək üçün yolun uzaq olması Hüseyn müəllimin gözünü qorxutmurdu.
Katibə başını aşagı salaraq kompüterdə nəsə yazırdı. Arada şirkət rəhbərinin otağına girir və tez də geri dönərək işinə davam edirdi. Təxminən 22-23 yaşı olardı. Qarayanız, uzunsaç qız idi. Üzünə baxanda insana xoş təsir bağışlayırdı. Hüseyn müəllim yavaşca ona yaxınlaşıb soruşdu:
– Qızım, mənim növbəmə hələ çox qalıb?
Qızın gülümsünərək ona “xeyr” söyləməsi Hüseyn müəllimi cəsarətləndirdi. Dərdini onunla bölüşmək istədi.
– Qızım, mən özüm 25-ildir ki, ingilis dili müəllimi işləyirəm. İki qızım, iki oğlum var. Övladlarımdan yalnız qızımın biri ailə qurub. Onun da həyat yoldaşı rəhmətə gedib. Evi olmadığından üç uşaqla yanıma qayıdıb. Hələ bu azmış kimi yazıq balam ağır xəstədir. Müalicəsi yalnız Türkiyədədir. Müalicə üçün böyük məbləğdə pul lazımdır. Buna görə də işimi buraxıb şirkətdə iş tapmaq istəyirəm. Bəlkə onun üçün nəsə edə bildim. Birdən şirkət rəhbərinin zəhmli səsi eşidildi. Qəfil qapının çırpılmasını görən katibə qonşu otağa keçib rəngi boğulmuş halda geri qayıtdı. O, məyyusluqla bildirdi ki, şirkətə cavan adamları işə götürürlər, sizin yaşınız çoxdur, ünvanınızı yazıb mənə verin. Uyğun iş olarsa yaxın zamanda özümüz sizinlə əlaqə saxlayacağıq. Hüseyn müəllim özünü ağlamaqdan güclə saxladı. Ünvanını vərəqə yazaraq katibəyə verdi. Özünə gəlməkdən ötrü şirkətin həyətindəki oturacaqda oturdu. Bir xeyli keçdikdən sonra rəsmi geyimdə olan yad bir adamın şirkətdən çıxaraq onu səslədiyini eşitdi.
-Əmi, mənim maşınım yaxınlıqdadır. İşimi qurtarıb evə gedirəm, istəyirsinizsə sizi də evinizə aparım. Hava çox istidir, piyada getməyin.
Hüseyn müəllim “mənim evim uzaqdır, bala. Kənddə yaşayıram, lazım deyil- söyləsə də yad adamın israrı nəticəsində o, maşına mindi. Yad adama gedəcəyi kəndin adını dedi. Hüseyn müəllim ömrünün sonuna kimi işləsəydi belə maşın ala bilməzdi. Yol boyu dinib danışmadılar. Şəhərdən çıxmağa az qalmış həmin adam marketlərin birinə girərək bazarlıq etdi və yenidən yoluna davam etdi. Mənzil başına çatanda Hüseyn müəllim minnətdarlıq edib getmək istəyəndə sürücünün “ Hüseyn müəllim, bəs məni evinizə dəvət etməyəcəksiniz? ”deməsi onu təəccübləndirdi. Sürücü onun adını haradan bilirdi. Bu an maşının səsini eşidən nəvələri çölə çıxaraq onun üstünə yüyürüşdülər. Hüseyn müəllimin yadına düşdü ki, nəvələrinin əlinə vermək üçün heç nə almayıb. Sürücü uşaqları görüb yolda marketdən aldığı azuqələri yerə boşatdı və uşaqları səslədi: “Gəlin bunları evə daşıyın, görün babanız sizə nələr alıb?!”. Hüseyn müəllim sanki sehrli bir aləmdə idi. Öz-özünə düşünürdü: Görəsən, bu yad adam kimdir? Niyə onu maşınında evinə gətirib, hədiyyələr alıb, pay gətirib. Maraq ona güc gəldi və o özünü ələ alıb soruşdu: “Oğul, sən kimsən. Məni haradan tanıyırsan. Niyə bu istidə vaxtını itirib bu uzaqlığda yolu məni evimə gətirmisən?”.
Yad adam gülümsünərək dilləndi: “Hüseyn müəllim, tanımadınız məni? Mən yetim Səməndərəm. Çəkməçi Firuzun oğlu. Deyin görüm, əgər müəlliminiz qışda donmamaq üçün sizi peçin yanına qoysaydı, əyninin yun paltarını əyninizə geyindirsəydi, ac qalmamanız üçün hər gün çörək pulu versəydi 15 ildən sonra onu görsəydiniz siz nə edərdiniz? Mənim elədiklərimi etməzdinizmi”?Bu sözləri eşidən Hüseyn müəllim göz yaşlarını saxlaya bilmədi. Səməndəri bağrına basdı. O, Səməndəri çox axtarmışdı, amma onun haqqında heç bir məlumat əldə edə bilməmişdi.
Hüseyn müəllim, mən sizin işə girmək istədiyiniz şirkətin prezidentiyəm. Əgər mən şirkət rəhbəriyəmsə bunu sizə borcluyam. Məni sizin sayənizdə bu yerlərə gəlib çatmışam. Bayaq istəmədən dərdinizə şərik oldum. Qızınızın Türkiyədə müalicəsinin bütün xərclərini özüm ödəyəcəyəm. Amma sizdən bir xahişim var. Siz müəllim olaraq qalın. Şirkətdə deyil, bizim məktəbdə sizə ehtiyacımız var. Müəllimlik şərəfli peşədir. Yüzlərlə Səməndərlərin sizin kimi ataya, müəllimə ehtiyacı var.
1.VII. 2015