sn

“Mənə şer yazma” deyən,
Ürək susub lal olarmı?
“Utanıram el içində”-
Siyah bəniz al olarmı?

“Mənə şer yazma” deyən
Günahkarmı barmaqlarım?
Bəxtim kimi qara qələm,
Yoxsa bəyaz varaqlarım?

“Mənə şer yazma” deyən,
Ağlım başdan çıxsınmı,de?
Təbim coşqun ildırımtək
Hey göylərdə çaxsınmı,de?

“Mənə şer yazma” deyən-
Pozma könül ahəngini.
Mən ki,sevdim necə varsan-
Hər yönünü,hər rəngini…

“Mənə şer yazma” deyən,
Mən yazmıram,ürək yazır…
Gəl,qıfılla ürəyimi
Qoy əbədi tapsın hüzur!