Bu ulu məhəbbətin sehrinə bax,ilahi,
Könlümüzü bayrağa bağlamağı bacardıq.
Bu yurda əl uzadan düşmənlərin gözünü,-
Elə bu bayraqla da dağlamağı bacardıq.
Kür-Araz qol götürüb süzür Muğan düzündə,
Nə xoşdur aynalanmaq Xəzərin göy gözündə.
Hər an türklüyümüzlə öyünüb Yer üzündə,
Bu bayrağın eşqiylə çağlamağı bacardıq.
Külək sərhəd telində çalır “Vətən marşı”nı,
Gəlin bayraq tutmağa sinəmdəki qurşunu.
Yadlar görməsin deyə, gözümüzün yaşını,
Ürəyin gözüylə də ağlamağı bacardıq.
Duruşda Savalandı, əzəmətdə Şah dağı,
Anlamaz bu hikməti cahil insan, bəd yağı.
Məhəbbət çeşməsindən su içib pərvazlanan,
Azadlıq İlahəsi bu müqəddəs bayrağı,
Ən uca zirvələrdə saxlamağı bacardıq.