11739554_892702907467931_464209446_n

Bilinmir əvvəli.Böyük bir sirdir.
Necə qismət olmuş bizə bu dünya?!
Tamam müəmmadır bu Yer kürəsi,
Görən necə çıxmış üzə bu dünya?

Birinə zirvədir,birinə dərə,
Biri xoş yaşayır,biri hədərə.
Çoxlarını salır dərdə,kədərə,
Azını düz yola,izə bu dünya!

Özgənin işinə qarışmalardan,
Super silah üzrə yarışmalardan,
Əbəs çəkişmədən,vuruşmalardan
Daha az qalıb ki,bezə bu dünya…

Səngimək bilməyir soyuq davalar,
Talanır,dağılır isti yuvalar.
Fasiləsiz yağır başa bombalar,
Qorxuram dönəcək közə bu dünya…

Qoy daha narahat olmasın ürək,
Pisləri ömürdən,lüğətdən silək.
Bir zamandan sonra baxanda görək
Çevrilib çəmənə,düzə bu dünya!
Çevrilib çəmənə,düzə bu dünya!