Dünya, səni istəmirəm,
Yalan üstə qurulmusan.
Addım-addım qocaldıqca
Məqsəd güdən insanların
əlləriylə “ucaldıqca”,
Bataqlıqda boğulmusan.
Dünya, səni istəmirəm…
Yaxşı, yaman bilinməyir.
Xeyirxahlıq bədxahlıqdan,
Fərasətlik haramlıqdan
zərrə qədər seçilməyir.
Dünya, səni istəmirəm…
Nəyə lazım isti ocaq?
Bir ananın şəfqətiylə
Bir körpəni isitməyə
açılmırsa doğma qucaq,
Dünya,səni istəmirəm…
Sevilmirsə sevən ürək,
Xəyanətin alovunda
Yanacaqsa ən ülvi hiss,
şirin arzu, təmiz dilək,
Dünya, səni istəmirəm…
Kim dünyaya tamah salır,
Nə qədər ki,”ədalətin” kürsüsündə
haqlı nahaqq günə qalır,
Dünya, səni istəmirəm…
Tək səni yox,
Sənə batil sevgi duyan,
Bər-bəzəkli yaşantıya,
şan-söhrətə həris olan
Heç kimsəni istəmirəm…
Sən də məni bilmə, dünya.
Dərdimi də bölmə, dünya
Səndən zərbə alanların,
Çərxin ağır silləsiylə
gözü yaşlı qalanların
Göz yaşını silmə, dünya.
Nə mən səni istəyirəm,
Nə sən məni sevmə, dünya…
Nə sən məni sevmə, dünya….