elnur

* * *

Getdikcə qəlbində qısqanclıq artır,
Allahdan sübhünə şəfqət dilə sən.
Ömrün şosesində bil sürət artır,
Gülərsən sonuna rəhmət diləsən.

Ayna,zülmət ömrə doğan Ay,nadan!
Özünü görmürsən hələ aynadan?
Özgənin səhvini görən,ay nadan,
Özün öz səhvini gətir dilə sən.

Qələm yox, bil tutub əlin yabanı,
Qarşıq salmısan ya dan,ya banı?
Ruhun əcnəbidir,dilin yabanı,
Gəl vurma, hər sözdə dilə zərbə sən.

Bayrağımın dalğasından

Vətən göyün meh oxşaya,
Bayrağımın dalğasından.
Bayraq ləpə-ləpə yaya,
Səsin efir dalğasından.

Bayrağımın bu üç rəngi,
Hər biri bir məna rəngi.
Hər sübh ana, nəğmə rəngi,
Ay – ulduzun dalğasın dan.
Coşqun, məni bu yurd uma,
Təki xoşbəxt ol,yurdum a!
Zəfər səsin doğ yurduma,
Düşmən ürksün dalğasından.

21.07.2015

Bu gün dostluğumda olan bir xanım: “Sevgidən yazırsız, sevgi varmı,-dedi,-nişanlım gedib Bakıda imkanlı bir dul xanımla eevlənib,məni tərk edib”. Buna yazdığım şeir.

Bir sevgi yaşadıq,yox ilki,sonu,
Gəl sonsuz bir hisdən sonra ummayaq.
Uzanır xəyalın kölə kölgəsi,
Gəl bütöv bir ömrü xəyal sanmayaq.

Hər qaş qaralanda, bir ac qurd kimi,
Baxıb göy üzünə həsrət ulayır.
Fərhadın Şirinə pak məhəbbəti,
Ölen esrlere başın bulayır.

Sənin məhəbbətin bir damla yaştək,
Mənim kirpiyimdən asılı qalıb.
Sevgi ucuzlaşıb bu adi gerçək,
Qəlbə yox,ciblərə qısılı qalıb.

Qurduq arzulardan qurduq, bir qala,
Həsrət bürclərində keşikçi oldu.
Zamandan-zamana doğan yollara,
Xəyanət yoluxdu,keçici oldu.

Kişilər seviblər,biz sevəmmədik,
Biz kişi olmadıq,deyəkmi,bala?!
Biz onlar yaşayan dövrə düşmədik,
Bu dövr tab gətirmir, bir-iki bala.

Qəlbimdə qırılır eşq süxurları,
Həsrət süxurları alır öz yerin.
Qəlbə çəpər çəkən həsrət qolları,
Dağıdır qəlbimin episentrin.

21.07.2015