gw

İndi hər kəs hər şeydən danışır (M.Ə.Sabirə nəzirə)

Dəyişib indi zəmanə, hər kəs haqdan danışır,
Alır əlinə qələm, yazır, pozur, həm də danışır…
Kimdə nə yoxdursa, olmayan şeydən danışır
Kasıb puldan, varlı əxlaq, vicdandan danışır…
Pis yaxşıdan, yaxşı pisdən hər gün danışır,
Heyvandan betər insanlar heyvandan danışır…
Bir zaman bizdə kimsə bəyənmirdi xaricini
İndi hamı müasirdir, yabançı dildə danışır…

Hərf, rəqəm bilməyən elm, bilikdən danışır,
Savadı olmayan da, hər mövzudan danışır…
Nadan savaddan, molla günahdan danışır…
Yaşlı cavandan, cavanlar qocadan danışır…
Sevib-sevilməyən insan da sevgidən danışır…
Sevməyənlər Leylidən, Məcnundan danışır…
Qız dərs adıyla görüşür oğlan ilə, ondan danışır,
Oğlan isə dost yanında “sevdiyi” qızdan danışır…
Müsəlman indi olub kafir, Allahdan danışır,
Dinsiz olub müsəlman, dindən, İslamdan danışır…
“Mənəm mənəm” deyənlər, mənlikdən danışır,
Qəlbi olmayan hər kəs insan olmaqdan danışır…
Aqressiv insan başlayıb bizə sülhdən danışır…
Biganə olan hər kəsə qəlbdən, hissdən danışır…
İndi oğraşlar bizə namus, qeyrətdən danışır,
Fahişələr olub təmiz, bizə əxlaqdan danışır…
Bir zaman məşhur olan insanlar, tanınmış şəxslər…
İndi kölgədə “gündən” qorunur, susmağa çalışır…

Günel Fərhadqızı Emin